
Fridrix Naumann Fondu bu mövzuda dəyirmi masa təşkil edib
Almaniyanın Fridrix Naumann Fondu dünən Bakıda “Cənubi Qafqaz” və bəzi məsələlər: regional təhlükəsizlik və münaqişələrin nizamlanması” mövzusunda dəyirmi masa təşkil edib. Fondun nümayəndəsi Yurgen Vikkert qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizliyin axtarışı regionda “asan olmayan qonşuluq” səbəbindən çətinləşib.
Əsas məruzəçi “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xatırladıb ki, regiondakı münaqişələr “ Qarabağ, Abxaziya və Cənubi Osetiya 20 il ərzində nəinki nizamlanmayıb, həm də 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra kəskinləşib: ”Vaxtilə Türkiyə “regional ATƏT” kimi qurumun yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Lakin bu təşəbbüsə Rusiya tərəfindən əngəl törədildi. Belə ki, Rusiya region ölkələri tərəfindən bərabərhüquqlu tərəfdaşlığı istəmir. Rusiya Ermənistana destruktiv təsir göstərir. Ölkə faktiki olaraq Ermənistanı AI ilə assosiativ saziş imzalamaqdan çəkindirib”.
Ekspert regional əməkdaşlıq proseslərində yeni trend kimi Azərbaycan, Türkiyə, Türkmənistan arasında mümkün tərəfdaşlığı göstərib. Lakin onun fikrincə, AI Transxəzər qaz kəməri layihəsinə lazımi dəstək göstərmir.
O deyib ki, əgər Qərb vaxtında Ukraynaya yardım göstərsəydi indi bu faciəvi hadisələr baş verməzdi. Ukraynanın assosiativ sazişə qoşulması üçün lazım olan 15 mlrd. dollar ayrılmayıb.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin isə fikrincə, Ukrayna hadisələri Avrasiya məkanında qlobal dəyişikliklərin başlanğıcıdır və Cənubi Qafqazdan yan keçməyəcək: “Bu il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq, Transxəzər qaz kəmərinə dair danışıqlar aktiv fazaya keçəcək. Ötən ay Türkmənistan prezidenti hökuməti layihə üzərində işi sürətləndirməyə çağırıb. Yaxın günlərdə Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin sammiti olacaq”.
M.Əliyev hesab edir ki, Ukraynada prezident seçkilərindən sonra bu ölkədə və Cənubi Qafqaz da daxil olmaqla, digər postsovet məkanı regionlarında ciddi dəyişikliklər gözləmək lazımdır.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanmasına daxili amillər də təsir göstərir. Əsasən Ermənistan və Azərbaycandakı korrupsiyaya uğramış avtoritar rejimlər münaqişəni və xarici siyasət amilinə çeviriblər: “Xarici amillərin ciddi təsirinə baxmayaraq, tərəflər istəsələr özləri dinc nizamlanmaya doğru addım ata bilər. Lakin aqressiv anti-Azərbaycan, anti-türk millətçiliyi bu məsələdə Ermənistana mane, Azərbaycanda da Dağlıq Qarabağ erməniləri ilə ən adi ünsiyyətə belə yol verilmir”. “Turan”


