Azərbaycanda yoxsulluq və işsizliyin səviyyəsi gizlədilir

Bununla ölkədə sosial və iqtisadi tərəqqi görüntüsü yaradılır

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və BMT-nin Inkişaf Proqramının təşkilatçılığı, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda keçirilən konfransda bir sıra məsələlər müzakirə edilib.

Nazir Səlim Müslümov Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 39-cu yeri tutduğunu bildirib. O qeyd edib ki, son 10 il ərzində ölkədə 99,8 faizi qeyri-neft sektorunda və 78,2 faizi regionlarda olmaqla 1 mln. 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə ölkədə işsizlik səviyyəsi 10,6 faizdən 5,0 faizədək, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb.

Məsələ barədə fikirlərini “Azadlıq”a söyləyən ekspert Qubad Ibadoğlu qeyd edir ki, yoxsulluğun səviyyəsini müəyyənləşdirmək üçün ev təsərrüfatlarının büdcə müayinəsini keçirmək lazımdır. Işsizliyin səviyyəsini müəyyənləşdirmək üçünsə ev təsərrüfatlarının əmək müayinəsi aparılmalıdır. Ekspertə görə, Azərbaycanda bunu tətbiq etmək üçün mütləq təmsilçilik təmin olunmalıdır. Təmsilçilikdə isə ən azı, 4-5 min ev təsərrüfatı arasında sorğu keçirilməlidir ki, bu da külli miqdarda vəsait tələb edir: “Azərbaycan hökuməti isə belə rəqəmlərlə ölkə iqtisadiyyatının güclü, fəaliyyətinin sosial nəticələrinin yüksək olmasını təsdiq etmək istəyir. Reallıqda isə ölkədə yoxsulluq və işsizliyin göstəriciləri rəsmi statistikadan fərqlidir. Azərbaycanda ailə büdcələrinin çoxu ərzağa xərclənir. ABŞ-da isə bir ailənin xərclərinin 35 faizdən yuxarısı ərzağa xərclənirsə, həmin ailə avtomatik olaraq yoxsul hesab edilir”. Ekspert qeyd edir ki, həmin meyarla yanaşanda Azərbaycanda yəqin ki, əhalinin yarı hissəsi yoxsulluq səviyyəsində hesab olunmalıdır.

Iş yerlərinin əksəriyyətinin müvəqqəti xarakter daşıdığını söyləyən həmsöhbətimiz, yoxsulluq və işsizliyin səviyyəsiylə bağlı rəsmi məlumatların reallıqla uzlaşmadığını, şübhə doğurduğunu bildirir. Bunun siyasiləşmiş məlumatlar olduğunu diqqətə çatdıran Q.Ibadoğlu, hakimiyyətin öz iqtisadi məqsədləri üçün aparılan siyasətin pozitiv nəticələrini  təsdiqləmək istəyini söyləyir: “Onlar yalnız iqtisadi deyil, sosial baxımdan da tərəqqi olduğunu, əhalinin əksəriyyətinin işlədiyini, yoxsulluq həddindən çıxdığını bildirmək istəyirlər. Amma reallıq tamam başqadır”.

Nigar