Jurnalistlər onu neçə dəfə işdən çıxarıblar?
Adamlar qəzetlərə inanmamağa başlayıblar. Buna onların haqqı var. Axı, dəfələrlə olur ki, qəzetlər hansısa məmurun işdən çıxarılacağı, hətta həbs ediləcəyi barədə məlumatlar verir, amma bu məlumatlar doğru çıxmır. Bəzən, eyni adam haqqında onlarla dəfə belə proqnozlar verilir və məmur ölməz Kaşşey kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxır. Nəticədə insanlar bu tipli xəbərlərə inanmırlar.
Ölməz Kaşşeyin nağılı
Amma bu, qəzetlərin günahıdırmı? Qətiyyən yox. Bu cür halların əksəriyyətində Kütləvi Informasiya Vasitələri xəbərin etibarlılığından və bu xəbərin doğurmalı olduğu nəticədən məntiqlə çıxış edirlər. Jurnalist də insandır, vətəndaşdır və əlində olan fakt ona bu məntiqi diqtə edir ki, bu hərəkətə yol vermiş dövlət məmuru daha məmur ola bilməz və o, dərhal və yubadılmadan tutduğu vəzifədən kənarlaşdırılmalıdır.
Məsələn,.. Məsələn haqqında illər uzunudur ki, bu sayaq proqnoz-ehtimallar baş alıb gedən Zakir Fərəcov.
O, Abşeron rayonunda icra hakimiyyətinin başçısıdır. Səhv etmirəmsə, Zakir Fərəcovun vəzifəsindən kənarlaşdırılacağı barədə ilk xəbər haradasa, 2012-ci ildə gözümə sataşmışdı. Bəlkə, daha əvvəllər də onun haqqında belə xəbər dərc edilib, amma mənim yadıma gələn bu xəbərdir. “Hesabalama Palatasının apardığı araşdırmalardan sonda Bakının Nəsimi və Abşeron rayon icra hakimiyyətinin başçıları çıxılmaz duruma düşüb. Aydın olub ki, hər iki rayonda büdcədən çıxarılan vəsaitlərin hara xərclənməsini aydınlaşdırmaq mümkün olmayıb. Bildirilir ki, ümumilikdə dövlət büdcəsinə vurulan ziyanlar milyonlarla manat həcmində dəyərləndirilir. Bununla yanaşı həm də aydın olub ki, Abşeron rayon Icra hakimiyyəti başçısı Zakir Fərəcovun Almaniyada geniş biznesi var və bu biznesi yuxarı dairələrdən gizlədə bilib”. Xəbərin tarixi 2012-ci il, aprel ayının 4-ü.
Bu xəbərdə Zakir Fərəcovun dövlət büdcəsinə milyonlarla manat zərər vurduğu və əvəzində Almaniyada biznes şəbəkəsi qurduğu haqqında bilgi verilir. Dövlət belə məmurla işləməyə davam etməlidirmi? Məncə, yox.
Amma Zakir Fərəcovla davam edir
Biz də davam edək. Həm də, bir qədər əvvəldən. 2009-cu ilin avqust ayında Hüseyn Məmmədov adlı iş adamı ölkə mətbuatına açıqlamalar verməyə başlayır. Bildirir ki, Sulutəpə sakini olan bir başqa sahibkar Abşeron Icra hakimiyyəti başçısıınn müavini Sərviz Süleymanova 2500 manat rüşvət verib, o da öz növbəsində icra başçısının saxta sərəncamını çıxararaq Hüseyn Məmmədovun mağazasını buldozerin ağzına verib sökdürüb. Hüseyn Məmmədov həyəcanla bildirir ki, rayon ərazisindəki bütün obyektlər icra başçısına haq verirlər və bu haqqı verməkdən imtina edənlərin daşını daş üstə saxlamırlar. Bu rüşvət zənciri hələ o zamanlar Ilham Muradov adlı adamın infarkt keçirərək ölməsinə səbəb olub.
Razılaşın ki, sahibkarın bu açıqlamasından sonra hökmən cinayət işi açılmalı, Icra başçısı isə bütün komandası ilə birlikdə oralardan qovulmalı idi. Üstəlik, onu da nəzərə alsaq ki, Hüseyn Məmmədov hələ Heydər Əliyev Fondunun dünyanın ən humanitar və ən ədalətli Mərkəzlərindən biri imicinin saxlanıldığı uzaq 2009-cu ildə bu cinayətlər haqqında məlumatı yalnız mediaya deyil, həmin Fonda da yazıb bildirmişdi. Amma Zakir Fərəcov da başqa dövlət məmurları kimi bu qayda və məntiqdən kənar tənzimlənir. Həm də, Hüseyn Məmmədov həmin ilin yeganə canlı faktı deyildi. O zamanlar qalmaqalla yadda qalan “Gen” MMC olayı zamanı bu MMC-nin rəhbəri Elbrus Əliyev məhkəmədə (!) bəyan etmişdi ki, Sulutəpədə tikdirdiyi binaya görə Zakir Fərəcova 70 min manat rüşvət verib.
90 milyonluq yük
Qayıdaq, 2010-dan sonrakı ittihamlara. Deyək ki, 2012-ci ilə.
Zakir Fərəcova qarşı Azərbaycan mətbuatında belə bir ittiham irəli sürülür ki, o, bu vaxta qədərki hansısa fəaliyyətləri üzündən büdcəyə 90 milyon manat(!) borclu qalıb. “Borclu qalıb” şərti ifadədir. Yəni büdcədən yoxa çıxan daha bir 90 milyonun söhbəti Zakir Fərəcovun üzərində qalıb deməkdir. KIV özünü öldürür ki, bu fakta görə Fərəcovu hətta ən güclü himayədar da daha qoruya bilməz və o, gedəcək. Yəni, ən azı, işdən çıxarılacaq. Amma heç bir nəticə yoxdur. Yəni, nəticə ondan ibarətdir ki, Fərəcov hələ də Abşeron rayonunda icra hakimiyyətinin başçısıdır. Ola bilər ki, 90 milyon manat şişirdilmiş rəqəmdir. Mümkündür ki, 90 milyon yox, 9 milyon manat olsun. Amma axı, söhbət dövlət vəsaitindən və dövlət məmurundan gedir! Belə nəticəyə gəlmək olarmı ki, dövlət öz vəsaitlərini öz məmurlarının əmlakı elan edib və bu vəsaitlərdən kim necə istəyirsə, elə də istifadə edə bilər?
Jurnalist neyləməlidir? Yazmalıdır ki, bu fakta görə bu dövlət məmuru vəzifəsindən qovulacaq. Vəssəlam. Jurnalist bundan başqa bir şey edə bilməz axı.
Abşeron qaçqınları 102-ni tanıyırlar
2014-cü ildən bəhs edək. Zəngilan rayonundan qaçqın düşən, Abşeron rayonu ərazisində məskunlaşan ailə (Hüseynov Qədimalı Iman oğlunun ailəsi) ölkə mətbuatına şikayət edir. Onlar Fərəcovun əməlləri barədə hətta polisin 102 qaynar xəttinə də müraciətlər ediblər. Qaçqınlar qanunla onlara verilmiş pay torpağının əllərindən alınmasından şikayət edirlər. Hansısa balaca sahibkar icra başçısına 20 min manat rüşvət verib onların torpağını əlindən alır.
Jurnalist də bu faktın rəsmiləşdiyini də nəzərə alıaraq yazır ki, Zakir Fərəcovu işdən çıxaracaqlar.
Iyun 2013-cü il. Qənirə Paşayeva şahiddir
Abşeron rayonu Masazır kənd sakiniÿ Alıyeva Ilahə Qədir qızı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətin məğzi budur ki, vaxtı ilə oxuduğu məktəbdən natamam orta təhsil haqqında şəhadətnaməsini ala bilməyib. Qənirə Paşayeva bu xanımın probleminin həll ediləmsini Zakir Fərəcovdan xahiş edib. Təsəvvür edirsinizmi? Natamam orta təhsil haqqında şəhadətnamənin sahibinə verilməsi ilə kimlər məşğul olur?! Şəhadətnamə məsələsi üçün Zakir Fərəcov Eldəniz adlı birisini təhkim edir. Sonra supermarket olayı baş verir. Eldəniz şikayətçi xanıma bildirir ki, şəhadətnamə üçün 1000-1200 manat verməlisiniz. Pul ödənilir. Sonra bu Eldəniz şikayətçiyə ucuz ev təklif edir. 22000 manata. Bu pulun da 9 minini alıb aradan çıxır. Iş şikayət səviyyəsinə çatanda Eldəniz bildirir ki, pul Zakir müəllimə çatıb və sən ona heç nə edə bilməzsən! Vəssəlam. Kitab qapandımı? Bu söhbət mətbuata çıxanda Zakir Fərəcovla bağlı nəsə etməliydilərmi? Heç olmasa, bu Eldənizi tapıb cəzalandıra bilərdilərmi? Amma etməyiblər və günah mətbuatdadır.
Iyul 2013 cü il. Olimpiya fırıldağı
Ilham Əliyevin göstərişilə Abşeronda olimpiya kompleksi inşa edilməli imiş. Zakir Fərəcov da dərhal kompleks üçün yer ayırıb. Lakin bir müddət keçdikdən sonra bəlli olub ki, icra başçısının ayırdığı yer xüsusi mülkiyyətdir.
Torpağın sahibi əvvəlcə bununla bağlı icra başçısına, daha sonra gənclər və idman nazirinə müraciət edib. Lakin nəticəsi olmayıb. Bu halda mülkiyyətçi Abşeron Rayon Icra Hakimiyyətini məhkəməyə verib. Torpaq sahibinin əlində bütün sənədlər olmasına baxmayaraq məhkəmə Zakir Fərəcovun sifarişini yerinə yetirib. Işdən apelyasiya şikayəti verilib. Apelyasiya Məhkəməsi də birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Lakin bununla belə məhkəmələr Zakir Fərəcovun diqqətinə çatdırıblar ki, bu iş Avropa Məhkəməsinə gedərsə dövlətə böyük zərbə olacaq. Icra başçısı isə deyilənlərə əhəmiyyət verməyib.
Məlumatlara görə, iş hazırda Ali Məhkəmə mərhələsindədir. Məsələ barədə prezident Ilham Əliyevə də məlumat verilib.
Bu xəbərdən sonra da jurnalist Zakir Fərəcovu işdən çıxarmalı idi?
Bu barədə faktları tükənmədən saymaq olar. Hətta oraya qədər ki, Zakir Fərəcov bu ittihamlardan bezib Bakı şəhər Icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunacağı barədə dövriyyəyə buraxılmış xəbərləri məmnuniyyətlə oxumağa başladı. Bu xəbərlər isə başqa aləmdir və bu barədə başqaları da yaza bilərlər. Söhbət isə yalnız Zakir Fərəcovdan getmir. Söhbət korrupsiya və sair iqtisadi cinayətlər haqqında faktların mətbuatda nəinki bomba, heç qovrulmuş şabalıd effekti ilə də partlamamasından gedir. Bu faktlara sahiblik edənlər dövlət məmurlarıdır və onlar öz vəzifələrində işləməyə davam edirlərsə, deməli günah mətbuatdadır. Ictimai rəyə bu postulatı sırıyırlar. Günah mətbuatdadır.
Azad Akifoğlu


