Vəkil Novruz Məmmədovun yalanını çıxardı

Xalid Bağırov: «NIDA-çıların 100 səhifəlik məhkəmə hökmünün bir cümləsində də ABŞ-ın adı çəkilmir»

ABŞ səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibibəsində səsləndirdiyi fikirlərə hakimiyyət təmsilçiləri qəzəblə qarşılıq verdilər. Diqqət çəkən məqamlardan biri Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovun ABŞ-a qarşı ittihamlar səsləndirməsi oldu.  O bildirdi ki, “Molotov kokteyli” nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verib. Bu çox ciddi ittiham idi və söhbətin nədən getdiyi də hər kəsə aydındır.

Bildiyimiz kimi NIDA-çı gənclərə qarşı əsasən “Molotov kokteyli” ittihamı irəli sürülürdü. Hətta televiziya kanallarında bir neçə dəfə butulkalar nümayiş etdirildi və butulkadakı məhlulun “Molotov kokteyli” olduğu insanlara nümayiş olundu. Məhkəmə gedişində isə bu iddiaların heç biri təsdiqini tapmadı və hökumətin ssenarisinin tərkib hissəsi olduğu önə çıxdı. Digər tərəfdən NIDA-çı gənclər öz ifadələrində bildirmişdilər ki, onlardan ABŞ əleyhinə ifadə almağa çalışıblar.

Indi Novruz Məmmədov “Molotov kokteyli” məsələsinə işarə vurmaqla, “Azərbaycanda çevriliş etmək, ixtişaşlar yaratmaq istəyən qüvvənin” ABŞ olduğunu demək istəyir.

NIDA-çı gənclərin vəkili Xalid Bağırov “Azadlıq”a açıqlamasında bildirdi ki, 100 cildlik məhkəmə hökmünün bir cümləsində də ABŞ-ın adı çəkilmir: “Məhkəmə araşdırması sübut etdi ki, ”molotov kokteyli”ni  gənclərin evinə yerləşdirən MTN əməkdaşlarıdır. Bu “Molotov kokteyli”ni hardan aldıqlarını, kimə sifariş verdiklərini, özləri yaxşı bilirlər. Əgər ABŞ-dan sifariş veriblərsə, açıq desinlər.  NIDA-çı gənclər qondarma ittihamlarla həbs olunub. Yaxşı olardı ki, bunlar özlərinin tərtib etdiyi qondarma məhkəmə hökmünə hörmət etsinlər. NIDA-çı gənclərin məhkəmə hökmü 100 səhifədən çoxdur. Amma bu hökmün bir cümləsində də ABŞ-ın adı keçmir. Yenə deyirəm “molotov kokteyli” nin mənbəyi  evdə axtarış aparanların özləridi”.