Səfirin müsahibəsinə görə “Azadlıq” radiosu ittiham olundu

Millət vəkli «Azadlıq radiosu»nun ABŞ səfirini təxribata çəkdiyini düşünür

Xədicə Ismayıl: «Biz heç kimi fikir bildirməyə məcbur etmirik, nə də mən verilişə girəndə üstümdə silah olmur»

Hakimiyyət hər zaman ən xırda tənqidə belə dözümsüz yanaşıb. Bir qayda olaraq bu ölkədəki problemləri dilə gətirənlər, yazanlar “vətən xaini” elan olunur. Bu adamlar haqqında müxtəlif şər-böhtan kampaniyaları başlayır.

Son olaraq bu münasibətə ABŞ səfiri Riçard Morninqstar tuş gəldi və hələ də rejim mirzələri onu hədəf almaqda davam edir. Bir müddət sonra ABŞ səfirinin ermənipərəst olduğunu, Azərbaycan müxalifətinə pul ötürdüyünü eşitsəniz təəccüblənməyin. Səbəb isə, ABŞ səfirinin hakimiyyəti tənqid etməsi, hakim komandanın monolit olmadığını söyləməsidir.

Ancaq nə qədər çalışsaq da, yenə də təəccüblənməmək olmur. Belə ki, Mübariz Qurbanlı, Novruz Məmmədov, Valeh Ələsgərovdan sonra, Riçard Morninqstarın məlum müsahibəsini YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə özünəməxsus şəkildə şərh edib. Deputat bildirib ki, “Azadlıq” radiosu səfiri müəyyən təxribata çəkib: “Riçard Morninqstar təcrübəli, diplomatiyanı bilən adamdır. Hər halda onun sözlərinin ya kontekstdən çıxarıldığını, ya da adıçəkilən radionun ABŞ səfirini təxribata çəkdiyini də düşünmək olar” – deyə Aydın Mirzəzadə bildirib.

ABŞ səfiri Riçard Morninqstar məlum müsahibədə tanınmış jurnalist Xədicə Ismayılın suallarını cavablandırmışdı. Səslənən fikirlərə münasibətində Xədicə Ismayıl bildirdi ki, Aydın Mirzəzadənin fikirləri yanlışdı və səfirin fikirlərindən hamı öz payını götürüb: “Hər hansı fikrin kontekstdən çıxarılmasından söhbət gedə bilməz. Təxribata gəlincə, biz heç kimi nəyəsə məcbur etmirik, nə də mən verilişə girəndə üstümdə silah olmur. Aydın Mirzəzadə ”Azadlıq radiosu”nun qonağı olanda bildirmişdi ki, 92-ci ildə insanlar həyəcan keçirirdilər, ona görə də həmin dövrdə doğulan uşaqlar bir az problemlidilər. Həmin verilişdən sonra Aydın Mirzəzadə bizə müsahibə vermir. Amma mən Aydın Mirzəzadəni nə təxribata çəkmişdim, nə də nəyəsə məcbur etmişdim. Morninqstar həmin müsahibədə hökumətin ünvanına yaxşı sözlər də deyib. Eyni zamanda deyib ki, hökumətin addımları ağlabatan deyil. Morninqstar hökumətdəki anti-qərb cinahını nəzərdə tuturdu. Məlum olur ki, həmin anti-qərb düşərgəsinin təmsilçiləri, səfirə qarşı aqressiv açıqlama verən şəxslərdi. Bu adamlar qərblə əlaqələrin əleyhinədilər. Görünür, səfirin müsahibəsindən həmin adamlar öz paylarını götürüblər”.

Akif