
Bu gün Liviyada parlament binası əvvəlcə güclü atəşə tutulub, daha sonra binaya od vurulub. “Röyter” xəbər verir ki, deputatlar binadan evakuasiya olunublar. Paytaxt Tripolinin cənubunda yerləşən parlament binası şəhərə zirehli avtomobillərdən ibarət hərbi karvanın daxil olmasından sonra atəşə tutulub.
Xəbərə görə, hücumu istefada olan polkovnik Xəlifə Haftara sadiq qüvvələr həyata keçiriblər. Dünən ölkənin Benqazi şəhərində onun tərəfdarları ilə döyüşlərdə azı 80 nəfər həlak olub. Polkovnik Haftarın nümayəndəsi deyib ki, parlamentə hücumun məqsədi oradakı islamçı deputatları həbs etmək idi.
Ehtimal edilir ki, hücum edən qüvvələrə qarşı Liviya təhlükəsizlik qüvvələrinin əməkdaşları müqavimət göstəriblər. Qəzzafinin devrilməsindən sonra Liviyada mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edən çoxsaylı silahlı qruplar qalmaqdadır. Ölkədə tez-tez atışmalar və silahlı hücumlar, siyasətçilərin oğurlanması və öldürülməsi baş verir (virtualaz.org).


