İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov 30 sutka həbs cəzası alan AXCP fəalı Kəmalə Bənənyarlı ilə görüşüb. Bu barədə “Azadlıq”a Elçin Behbudovun özü məlumat verib. Komitə sədri bildirib ki, Kəmalə Bənəyarlının şikayəti həbs olunan zaman məruz qaldığı zorakılıqla bağlı tərtib olunan aktın ona verilməməsidir: “Kəmalə Bənənyarlı deyir ki, həbs olunan vaxt zorakılığa məruz qalıb və başından xəsarət alıb. Həmin aktda da bu barədə qeydlər var. Kəmalə Bənənyarlı bildirir ki, bu aktı ona vermirlər.
Mən onunla intihar etməsi barədə yayılan məlumatlarla bağlı da söhbət etdim. Nə baş verdiyini soruşdum. Lakin mənə dedi ki, Elçin müəllim, bu barədə özüm çıxıb açıqlama verəcəm.
Kəmalə xanımın saxlanma şəraitindən narazılığı yoxdur. Qeyd etdiyim kimi əsas şikayəti həmin akt məsələsidir. Bir də məhkəmənin qərarından narazılıq edir. Kəmalə xanım təcridxana rəisinə deyib ki, onun yanına anası, vəkili və məndən başqa heç kəsi buraxmasınlar. Bunu da özü mənə dedi”.
Kəmalə Bənənyarlı mayın 6-da NIDA-çılara oxunan hökmə etiraz olaraq keçirilən aksiyada həbs olunub. Nəsimi Rayon Polis Idarəsində işgəncələrə məruz qalıb. Mayın 7-də isə Nəsimi Rayon Məhkəməsi ona 30 sutka həbs cəzası verilməsi barədə qərar çıxarıb.


