300 türkün xatirəsi üçün nə edildi?

Soma faciəsi baş verdi. 300-ə qədər insan həlak oldu. Bütün dünya baş sağlığı verdi və faciə qurbanlarının xatirəsini andı. Amma faciə ilə bağlı bəzən və bir çox yerlərdə alver edənlər də olur. Məsələn, Zaqatalada baş verən zəlzələ zamanı Azərbaycan hökumətinin məmurları faciə qurbanları adına ayırılan milyonlarla manatı həzm-rabedən keçirmişdilər.

Soma faciəsindən sonra Azərbaycanda Bayraq Meydanında bayraq yarıya qədər endirildi. Məsələ ilə bağlı Dövlət Bayrağı Meydanının mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirib ki, bayrağın endirilməsi, sonradan çıxarılmasının səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır. Onun sözlərinə görə, külək saniyədə 22-25 metrdən çox sürətlə əsəndə bayrağa ziyan dəyir. Bayrağı qorumaq üçün onun çıxarılmasına qərar verilib (ans).

Amma bu xəbər qonşu Türkiyədə Azərbaycanı sevən millətçi insanları təmin etmədi. Onlar bu rəsmi açıqlamanı yaxına buraxmaq istəmədilər və sevdikləri Azərbaycan adına əfsanələr uydurmağa məcbur oldular. Türkiyədə milliyətçi hərəkatın sayğılı isimlərindən olan Mikayıl Göləli kimi. Mikayıl bəy facebook profilində xəbər yaydı ki, Azərbaycanda Soma faciəsi ilə bağlı 3 günlük matəm elan edildi, Bayraq Meydanında bayraq endirildi və millət vəkilləri əmək haqlarını faciə qurbanlarına göndərdilər.

Bakıda həmin gün külək yox idi. Bayraq endirilmişdi. Amma rəsmi məqamlar bunun Türkiyə ilə əlaqəli olduğunu qətiyyətlə təkzib etdilər. Axı, heç olmasa, “bəli, bayraq orada faciə qurbanı olan 300 türkün xatirəsi üçün endirildi” deyə bilərdilər! Amma bunu da qıymadılar. Və Türkiyə millətçiləri Azərbaycan adına yalan uydurmaqla bu sevgiyə xal düşməsini istəmədilər.

azadliq.info