Iran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır evində dustaq edilən Mirhüseyn Musəvinin müalicəsinə imkan verilib. “Radiofərda”nın verdiyi məlumata görə, bu barədə ata-anaları ilə görüşdən sonra qızları məlumat verib.
Onlar Iran təhlükəsizlik qüvvələrinin iki həftəlik fasilədən sonra Musəvinin qəlbindəki nasazlığın aradan qaldırılması üçün müalicəyə başlanmasına, nəhayət, icazə verdiyini açıqlayıblar.
Qeyd edək ki, Musəvi aprelin 29-da ürəyindəki narahatlığa görə Iran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehranın Kardiologiya Xəstəxanasına köçürülüb və ailə üzvlərinin iştirakı olmadan angioqrafiya edilib. O, aprelin 30-da günorta saatlarında isə yenidən ev dustaqlığına salınıb və ona qızları ilə görüşə icazə verilib. Musəvi davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, Iran Informasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. O, həyat yoldaşı Zəhra Rəhnəvərdə birlikdə dörd ilə yaxındır ev həbsində tutulur. Eyni zamanda Iran müxalifətinin digər lideri Mehdi Kərrubi də bu ilin yanvarından etibarən ETTELAAT-ın xüsusi təcridxanasından ev həbsinə salınıb. (APA)


