Ölkənin daxili bazarında 30 faiz saxta dərman dövr edir
Azərbaycanda ötən 1 ay ərzində qeydə alınan dərman zəhərlənmələrinin saylı açıqlanıb. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ötən 1 ay ərzində Azərbaycanda dərmanın əlavə təsiri nəticəsində allergik reaksiyadan 16 nəfər zərər çəkib. A.Maqsudovun sözlərinə görə, onların hər birinin vəziyyəti normaldır və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. O qeyd edib ki, dərmandan zəhərlənmə rayonlarda deyil, əsasən Bakıda qeydə alınıb.
“Azadlıq” olaraq ölkənin daxili bazarında saxta dərmanların olması barədə dəfələrlə yazmışıq. Bir ayda bu qədər zəhərlənmənin olmasının, görəsən, saxta dərmanlarla bir bağlılığı varmı?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, dərmanla zəhərlənmə intihar etmək məqsədilə, depressiyadan, dərman qəbulunda dozanın keçilməsi və digər səbəblərdən ola bilər. Lakin o, zəhərlənmələrin saxta dərmanlardan olmasını da istisna etmir:
“Ona görə də dünya saxta dərmanlarla mübarizə aparır. Azərbaycanda ən azı, 30 faiz saxta dərman dövriyyəsi var. Çünki dünyada bu göstərici 30-60 faiz arasındadır. Bu baxımdan, dərmandan zəhərlənmələrin onların saxtalığıyla bağlılığı mümkündür”.
Nigar


