Zərərli ənənələrə dini don geyindirilməsi yolverilməzdir

Din və Demokratiya Mərkəzi “Azərbaycan ailə ənənələri mövhumatçılıq təsirlərinə qarşı”adlı tədbir keçirib 

Din və Demokratiya Mərkəzi 2014-cü il mayın 16-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki 234 saylı tam orta məktəbdə “Azərbaycan ailə ənənələri mövhumatçılıq təsirlərinə qarşı” mövzusunda görüş-müzakirə keçirib. 

Tədbiri məktəbin direktoru Sima Mehdiyeva açaraq bu qəbildən müzakirələrin şagirdlərin dünya görüşünün sağlam istiqamətdə formalaşmasında önəmindən danışıb. Sonra layihənin əlaqələndiricisi Vasif Sadıqlı çıxış edib. Natiq ailə institutunun vacib ictimai dəyərindən danışaraq mənəvi dəyərlərimizin təsdiqi və ötürülməsində onun rolunu vurğulayıb. “Ailənin reproduktiv, sosiallaşdırma və s. funksiyaları ilə yanaşı ötürücü funksiyası da var. Amma ailə vasitəsilə bəzən zərərli ənənələr də ötürülür. Bu ənənələrə dini don geyindirilməsi yolverilməzdir. Çoxzövcəlilik, erkən nikahlar, evlənən gənclərin rəyinə etina edilməməsi, ailədə oğlan uşağı olmayanda yaranan münaqişələr bu qəbildəndir” deyə məruzəçi bildirib. V.Sadıqlı həmçinin bədii ədəbiyyatımıza, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanları, Nizami, Füzuli, M.Ə.Sabir yaradıcılığına müraciət edərək xalqımızın örnək ailə barədə təsəvvürlərini konkret nümunələrlə açıqlayıb. Tədbirdə ekspert qismində iştirak edən tanınmış ilahiyyatçı alim Nəriman Qasımoğlu Azərbaycanda ailə institutunu təhdid edən yabançı dini təsirlərdən söz açıb və bunların dinimizin mahiyyətindən kənar mövhumatçılığa dayandığını vurğulayıb. Natiq öz çıxışında erkən nigahı, təhsildən yayınmanı təşviqləyən və din adına qələmə verilən təsəvvürlərin Quran məntiqi işığında tutarsızlığına dair xeyli nümunələrlə fikirlərini əsaslandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Tədbir “Ailə mədəniyyəti ənənələrini yabançı dini təmayüllərin mənfi təsirlərindən qorumaq yönümündə maarifçilik tədbirləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur. 

Din və Demokratiya Mərkəzi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan cəmiyyətdə gerçək dini dəyərlərin elmi əsaslarla təbliği, sağlam dini maarifin təşkili, fanatizm meyllərinə qarşı maarifçilik təbliğatının aparılması və s. özünə məqsəd seçən Mərkəz Azərbaycanın ənənəvi dini durumunu müasirliyə və tərəqqiyə xidmət edən yeni ideyalarla zənginləşdirib.