Natiq Cəfərli: «Şəhərin bahalı yerlərindəki universitetləri köçürməklə hakimiyyətdəki bir qrup şəxs yeni qazanc mənbələri əldə etmək istəyir»
Bakı Dövlət Layihə Insitutunun direktoru Ilqar Isbatov ali məktəblərin şəhərin mərkəzindən köçürüləcəyini bildirib. “Anspress”in məlumatına görə, o, artıq ali məktəblərin köçürülməsi üçün nəzərdə tutulan ərazilərin müəyyənləşdirildiyini söyləyib. Bəlli olub ki, ali məktəblər gələcəkdə şəhərətrafı ərazilərdə yerləşdirilə bilər.
Ilqar Isbatovun sözlərinə görə, təhsil konsepsiyasının tərkib hissəsi kimi, ali təhsil haqqında ayrıca bir konsepsiya hazırlanmalıdır: “Biz öz layihəmizdə şəhər ətrafında ali təhsil müəssisələri üçün ərazilər nəzərdə tutmuşuq. Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq, ali təhsil ocaqları həmin nəzərdə tutulan ərazilərə köçürülə bilər”.
Heç kimə sirr deyil ki, ali məktəblərin 90 faizdən çoxu paytaxtın mərkəzi hissələrində yerləşir. Bakı Dövlət Universiteti, Iqtisad Universiteti, Memarlıq və Inşaat Universiteti, Texniki Universitet, Mədəniyyət və Incəsənət Universiteti və s. təhsil ocaqları şəhərin daha çox diqqətçəkən hissələrindədir. Bu təhsil müəssisələrinin demək olar ki, hamısının tədris binaları təmirlidir və əksəriyyətinin də əlavə korpusları inşa edilib. Deməli, dövlətin büdcəsindən bu işlərə külli miqdarda vəsait sərf olunub. Üstəlik, harasa köçürülməsinə də milyardlarla manatlar sərf ediləcək təhsil müəssisələrinin daşınmasına məntiqi səbəb göstərilmir. Köçürülmə şəhərdəki tıxacların qarşısını almaq məqsədi daşıyırsa, bu heç də ağlabatan deyil. Çünki hara köçürülməsindən asılı olmayaraq, belə kütləvi tədris yerlərində tıxacların olması təbiidir.
Digər tərəfdən, rəsmi çevrə tələbə hərəkatından qorxursa, bunun da mənası yoxdur. Çünki müasir gənclik öz ideyası, məramı naminə nəinki şəhər ətrafına, hətta uzaq səhralara, cəngəlliklərə də gedə bilər. Bu mənada, kənara köçürülməklə tələbə hərəkatının qarşısını almaq, onun qüvvəsini azaltmaq məqsədi elə indidən qüvvəsini itirmiş sayılmalıdır.
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, universitetlərin Bakıdan çıxarılması özlüyündə yaxşı ideya olsa da, hökumət bütün ideyalarına yalnız büdcə vəsaitinin oğurlanması prizmasından baxdığından, bu işi başlamadan iflasa uğradıb. Ekspertin sözlərinə görə, harada universitet açılırsa, əslində, onun ətrafında bir iqtisadiyyat qurulur: “Bunun örnəyini biz Türkiyədə gördük. Son on ildə kiçik şəhərlərdə təqribən 50-yə yaxın universitet açıldı. Həmin şəhərlərin böyüməsi, əhalinin ora daha sıx köç etməsi, regional mərkəzlərə çevrilməsinin şahidi olduq. Azərbaycanda belə bir yanaşma olsaydı, əlbəttə, onu dəstəkləmək olardı. Misal üçün, Gəncədə, Lənkəranda, Şəkidə, Bərdədə, yəni, tarixi əhəmiyyəti olan şəhərlərdə regional mərkəzlərin yaradılması, universitetlərin köçürülməsi, iqtisadi aktivliyin artırılması, onların bir mərkəz halına gətirilməsi, Bakının boşaldılmasını paralel olaraq görməliydik. Ağıllı hökumət olsaydı, bu işləri paralel görərdi. Sadəcə, Azərbaycanda bütün qərarları verərkən, hökumət gələcəyi, xalqı, milləti düşünmür. Onu yalnız öz maraqları düşündürdüyündən, son açıqlamalar sözügedən ideyanın başlanmadan çox əcaib bir forma alacağından xəbər verir”.
Natiq Cəfərlinin fikrincə, universitetlərin Bakıdan köçürülməsini bəzi ekspertlər gələcəkdə tələbə hərəkatının qarşısını almaqla izah edirsə, bunun özü də düzgün yanaşma deyil. Çünki kampuslar, şəhərciklər olacaqsa, əksinə, tələbələrin orada kompakt şəkildə yaşaması, oxuması daha çox etiraz ortamı yaradır: “Düşünürəm ki, şəhərin mərkəzində, çox bahalı yerlərdə olan universitetləri köçürməklə hakimiyyətdə olan bir qrup şəxs yeni qazanc mənbələri əldə etmək istəyir. Ilk növbədə büdcədən ayrılan vəsaitlərin xərclənməsinə, həm də şəhərin ən gözəl mərkəzi hissələrində yerləşən universitetlərin torpağına göz dikməklə, onları sonradan öz qazanc məqsədləri üçün istifadə etməklə bu proyekti həyata keçirməyi düşünürlər. Indiki açıqlamalara diqqət edəndə, sadəcə olaraq, bunun başqa məntiqi, normal izahını tapmaq çətindir”.
Nigar


