“Sərhədsiz reportyorlar” “Bizim yol” qəzetinin şərhçisi Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi barədə hökümü qətiyyətlə pisləyib. “8 ay həbsdə saxlandıqdan sonra Pərviz Həşimlinin həbsi tənqidi səsləri susdurmaq üçün vahid məqsədə yönələn yeni siyasi maxinasiya kimi görünür”, – təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Yohan Bir bildirib.
“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladığı bir vaxtda bütün müdafiə hüquqlarının pzulması ilə belə hökmün çıxarılması bizi çox narahat edir”, – o vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda informasiya azadlığı və insan haqları ilə bağlı vəziyyət narahatlıq doğurur, KİV plüralizmi gün-gündən yox olur: «Mayın 14-də ölkə Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb və eyni zamanda ən çox insan hüquqlarının pozulduğu 47 repressiv ölkələrdən biridir. Öz peşə fəaliyyətinə görə 9 jurnalist həbsdədir. İlham Əliyev onu tənqid edən bütün səsləri məhv etməyənə qədər sakitləşməyəcək, bəyanatda deyilir. Mayın 14-də Fransa prezidenti Fransua Ollandın Bakıya səfərindən iki gün sonra təhlükəsilzik xidmətinin 15 agenti Bakı aeroportunda iki fransız jurnalisti saxlayıblar. Reportyor Rişar Loran və operator Emmanuel Bax Ollandın səfərini işıqlandırmaq üçün Azərbaycana gəliblər. Onlar televiziya verilişlərindən birində iştifadə etmək üçün hüquq müdafiəçiləri və müxalifətçilərlə görüşmək məqsədilə daha iki gün qalıblar.
Onları saxlayan zabitlər kompüterləri, sərt diskləri, həmçinin həmin görüşlərdən müsahibələrin qeyd olunduğu yaddaş kartlarını götürüblər. Reportyorlar avadanlıqslz getmək istəməyəndə onları zorla təyyarəyə mindiriblər».
“Bizə çoxdan məlumdur ki, Azərbaycan hakimiyyəti yerli jurnalistlərin hüquqlarını pozur. Lakin artıq rejim xarici jurnalistlərə də kobudcasına hücum etməkdən çəkinmir. Bura Fransa prezidentinin rəsmi nümayəndə heyətinin tərkibində akkreditə olunan jurnalistlər də daxildir”, – sənəddə qeyd olunur. («Turan»)


