Barrozu Azərbaycana gəlir

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu eunews.az-ın müxbiri ilə söhbətində iyunda Azərbaycana səfər edəcəyini təsdiqləyib. “Bu, Cənubi Qafqaz səfəri deyil, çünki Ermənistana getməyəcəm. Azərbaycana, Gürcüstana və Moldovaya səfər edəcəm. Azərbaycanda təkcə enerji deyil, bir çox digər məsələlər müzakirə olunacaq”.

Qeyd edək ki, ötən bir neçə ay ərzində Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətində əhəmiyyətli irəliləyişlər edib. Azərbaycanla Aİ arasında Readmissiya Müqaviləsi və Viza Sadələşdirməsi Müqaviləsi imzalanıb və təsdiq edilib. Ukrayna Assosiasiya Müqaviləsinin siyasi hissəsini imzalayıb, Gürcüstanla Moldova isə iyunun 27-də bu müqaviləyə imza atacaqlar. Ötən ay Moldova ilə Aİ arasında vizasız gediş-gəliş rejimi tətbiq olunub. Ermənistana gəlincə, Rusiyanın təzyiqi nəticəsində Aİ ilə daha dərin əməkdaşlıq edə bilmir.