Moldova və Gürcüstan da Avropaya inteqrasiya yolunda mühüm qərarlar qəbul edilməsinin astanasındadırlar. Adları çəkilən dövlətlərlə Avropa Birliyinin imzalamalı olduğu assosiativ sazişin bağlanma tarixi önə çəkilib. Əgər Moldova və Gürcüstan Avropa Birliyi ilə bu sazişi sentyabrda imzalamalı idilərsə, yeni tarixə görə bu addım bir ay sonra iynun 27-də baş tutacaq. Amma ekspertlər bu istiqamətdə bir sıra bədbin proqnozlar da verirlər. Ümumilikdə Avropa Birliyi ilə əməkdaşlığın dərinləşdirilməsi hər iki dövlətin maraqlarına cavab versə də, Rusiyanın baş verənlərə sərt reaksiya verəcəyi artıq indidən bəllidir. Proqnozlaşdırılan tendensiyanın artıq ilk simptomları görünür. Moldovanın mərkəzi hakimiyyətini qəbul etməyən Dnesteryanı separatçı rejimi müstəqilliyini elan edəcəyini bəyan edib.
Bəs AB ilə əməkdaşlığın daha üst pilləsinə çıxılma Gürcüstan və Moldovaya nə vəd edir?
Hikmət Hacızadə: «Rusiya çalışacaq ki, Moldova və Gürcüstanda stabilliyi pozsun»
Politoloq Hikmət Hacızadənin fikrincə, Avropa Birliyinə inteqrasiya Gürcüstan və Moldovaya yalnız xeyir gətirə bilər. AB ilə inteqrasiyanın özündə inkişaf proqramlarını nəzərdə tutduğunu deyən H.Hacızadə vurğuladı ki, AB eyni zamanda NATO-nun təhlükəsizlik çətiri deməkdir: «Avropa Birliyi ilə əməkdaşlıq Gürcüstan və Moldovaya yalnız inkişaf vəd edir. Rusiya isə keçmiş sovet ölkələrini bu inkişafdan saxlamaq istəyir. Rusiya çalışacaq ki, Moldova və Gürcüstanda stabilliyi pozsun. Bu məqsədlə Moldova və Gürcüstanın separatçı rejimləri hərəkətə gətiriləcək. Amma artıq Rusiya bu ölkələrə edə biləcəyini edib. Bundan artığı mümkün deyil».
Sülhəddin Əkbər: «ABŞ-ın Rusiya ilə geosiyasi qarşıdurma xətti məhz GUAM ölkələrindən keçir»
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə hesab edir ki, ABŞ-ın Rusiya ilə geosiyasi qarşıdurma xətti məhz GUAM ölkələrindən keçdiyi üçün hazırda məhz bu ölkələr hədəfdədir. Ukraynadan sonra da Moldova və Gürcüstanda gərginliyin gözlənilən olduğunu deyən S.Əkbər Azərbaycanın da bu siyahıda olduğunu dedi: «Ukraynada seçki yaxınlaşdıqca, Rusiyanın addımları sərtləşdikcə postsovet məkanında vəziyyət daha da gərginləşəcək. Artıq Dnesteryanıda separatçılar öz müstəqilliklərini elan edərək, Rusiyaya müraciət ediblər. Gürcüstanda isə Rusiya bir sıra istiqamətlərdə təhlükələr yarada bilər. Onlardan biri enerji layihələri ilə bağlıdırsa, digəri ermənilərin kompak yaşadığı Cavaxetiya bölgəsinə aid edilə bilər. Eyni zamanda azərbaycanlıların da yaşadıqları bölgələrdə bir sıra təxribatlar həyata keçirilə bilər».
Xəyal


