“Le Monde” nəşri bunun Rusiyaya mesaj olduğunu yazır
Vəfa Quluzadə: «Qərbdən mesaj yox, hərəkət tələb olunur»
Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfəri başa çatsa da, səfərlə bağlı müzakirələr davam etməkdədir. Hətta bu səfərin mesaj xarakterli olduğunu deyilir.
Fransa mətbuatı da Ollandın Cənubi Qafqaz ölkələrinə səfərini təsadüfi hesab etmir. “Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfəri təsadüfi deyil. Belə ki, Fransa prezidenti Ukrayna münaqişəsi fonunda mayın 11-13-də üç keçmiş Sovet respublikası olan Azərbaycan, Gürcüstan və Ermənistana səfər etdi. F.Ollandın bu ölkələrə səfəri bölgədə mövcud olan donrurulmuş münaqişələrin birbaşa həlli ilə bağlı deyil. Prezidentin səfəri ilə rəsmi Paris keçmiş Sovet respublikalarına təzyiqlərini artırmağa davam edən Kremlə mesaj verdi”.
Anspress-in məlumatına görə, bu barədə Fransanın “Le Monde” qəzetində nəşr edilən məqalədə deyilir.
Qəzetin yazdığına görə, Cənubi Qafqaz regionuna səfəri zamanı Ukraynanın Donetsk və Luqansk vilayətlərində keçirilən referendumları tanımadığını deyən Fransua Olland mayın 25-də Ukraynada qanuni seçkilərin keçiriləcəyini deyib. Bununla da Kremlə mesaj verdi ki, Fransa Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı planlarının hər birinin qarşısında olacaq.
Rusiyanın Ukraynadan sonra MDB-nin digər dövlətlərində də oxşar fəaliyyətə keçəcəyinə dair məlumatlar əvvəllər də var idi. Bu arada Moldova və Gürcüstanın yaxın vaxtlarda Avropa Birliyi ilə Assosiasiya sazişini imzalayacağı bəlli oldu. Belə olan halda Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı narahatçılığının bir qədər artacağını da gözləmək olar.
Politoloq Vəfa Quluzadə isə Avropa, ABŞ və NATO-nun artıq sözdən işə keçməli olduğunu deyir. Çünki Qərb Ukrayna böhranını müzakirə edən zaman Rusiya tərəfindən konkret addımlar, yəni Krımın işğalını, rus ordusunun Ukrayna sərhədlərində cəmləşməsini görürük. Rusiya Ukraynanın şərqində və cənubunda stabilliyi pozur ki, prezident seçkilərinə imkan verilməsin. Avropa və ABŞ tərəfindən isə yalnız bəzi adamlara qarşı sanksiyalar tətbiq edilir. Bu sanksiyalar Rusiyanın qarşısını alan deyil. Ona görə də ABŞ, Avropa və NATO-nun konkret addımlarına ehtiyac duyulur.
Ekspert Rusiyanın Cənubi Qafqazda da konkret addımlar atdığını deyir. Şimalı Qafqazda qüvvələrini artırır, hərbi təlimlər keçirir, Xəzər dənizindəki hərbi donanmasını modernləşdirir, təlimlər keçirir. Qarabağ məsələsində sülhə maneəçilik törədir və Gümridəki hərbi bazasının yeni silahlarla təchiz edir: «Rusiyanın konkret addımları budur. Ollandın, NATO-nun, ABŞ-ın konkret addımları nədir? Artıq Rusiya Cənubi Qafqazda bütün hazırlıqlarını görüb. Ona görə Qərbdən mesaj yox, hərəkət tələb olunur».
Fizzə


