“Müstəntiq Cəmil Həsənliyə dəstək verib-vermədiyimizi soruşdu”

Anar Məmmədli: «Verilən suallardan aydın olurdu ki, bu, siyasi işdir»

Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin sədri Elnur Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Artıq məhkəmə prosesində zərərçəkmiş və şahidlərin dindirilməsi mərhələsi yekunlaşıb. Dünənki məhkəmə iclasında təqsirləndirilən şəxslər də ifadə verdilər. Yalnız sənədlərin elan olunması mərhələsi qalıb ki, bundan sonra məhkəmə istintaqı yekunlaşacaq.

Anar Məmmədli ifadəsində bildirdi ki, bu iş üzrə istintaqda əvvəlcə şahid, bir müddət sonra isə təqsirləndirilən şəxs qismində dindirilib. Ibtidai istintaqın yarımçıq aparıldığını deyən Anar Məmmədli fikrini belə əsaslandırdı: “Mənə verilən suallardan aydın olurdu ki, bu, siyasi işdir. Təşkilatın fəaliyyəti barədə də müəyyən suallar oldu. Amma daha çox bu istiqamətdə suallar verilirdi ki, prezident seçkilərilə bağlı rəydə niyə seçkinin demokratik, azad və ədalətli keçirilmədiyi yazılıb? Izah elədim ki, biz təxminən 1000 müşahidəçi ilə əməkdaşlıq etmişik. Seçkini müşahidə metodologiyası əsasında qiymətləndirmə aparılıb, rəy verilib. Bizim təşkilatın fəaliyyətinə ABŞ-ın Milli Demokratiya Institutu tərəfindən təzyiq olub-olmadığı barədə suallar verirdilər. Cavabında bildirdim ki, bizim fəaliyyətimizə heç bir donor təşkilat, o cümlədən əməkdaşlıq etdiyimiz Avropa Birliyi, Avropa Şurası, Milli Demokratiya Institutunun heç bir təzyiqi olmayıb. Onlar sadəcə, maddi, texniki dəstək veriblər.

Biz ölkəmizi çox sevdiyimiz üçün azad, ədalətli seçki keçirilməsini istəyirik. Əgər ölkəmizi sevməsəydik, başqa işlərlə məşğul olardıq, məsələn, bank sektorunda işləyə bilərdik.

Mən hansı vergidən yayınmışam? Niyə indiyə qədər bu haqda mənə bir zəng, xəbərdarlıq edilməyib?

Burada zərərçəkənlərin dindirilməsi mənə “Əhməd haradadır?” filmini xatırlatdı. Orada deyir ki, Əhməd, atan-anan tapılıb, səni gözləyir, o da cavab verir ki, mənim atam-anam 40 il əvvəl ölüb. Zərərçəkmişlərə də deyirlər ki, siz bilmirsiz, sizin pulunuz mənimsənilib, xəbəriniz yoxdur. Onlar da deyirlər ki, nə danışırsız, biz heç nədən ziyan çəkməmişik. Yoxlama aktına da münasibət bildirmək istəyirəm. Biz bu aktın əsassız, absurd olmasıyla əlaqədar məhkəmə qaydasında onu mübahisələndirmişik. Onun qanunsuzluğu barədə Iqtisad Məhkəməsinə şikayət vermişik. Belə çıxır ki, həm əməkdaşlıq etdiyimz adamlar VÖEN əsasında vergi ödəyiblər, həm də biz onlar üçün ödəməliydik. Bu necə olur? Bir adamın qazancına görə iki dəfə vergi ödənilir? Üstəlik, heç istintaq o adamların özlərinin vergi ödəyib-ödəmədiyi məsələsini də aydınlaşdırmayıb”.

Anar Məmmədli “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyilə birgə əməkdaşlıq məsələsinə bir daha aydınlıq gətirib: “Iqtisadi Inkişaf Nazirliyi deyir ki, kommersiya təşkilatlarının qrant layihələrini qeydə alıram. Ədliyyə Nazirliyi də deyir ki, qeyri-kommersiya təşkilatlarının layihələrini. Mən isə fiziki şəxs kimi layihə təqdim etmək istəyirəm, qalıram çarəsiz. Ona görə də birinci zəhmət çəkib qanunvericiliyi mükəmməlləşdirmək, sonra isə məndən nəsə tələb etmək lazımdır. Bunun adı qərəzdir. Bu səbəbdən mən layihəni ”Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyilə həyata keçirmək məcburiyyətində qaldım.

Biz illər boyu təqiblərə məruz qalmışıq. Təşkilatı qeydiyyata alsaydılar, öz layihəmizi özümüz həyata keçirərdik. Qeydə almırlar, sonra da düşmən elan edirlər”.

Anar Məmmədlinin sözlərinə görə, oktyabrın 30-da ofisə gələndə istintaq qrupunun əlində Nəsimi rayon məhkəməsinin qərarı ilə axtarış apardığını görüb. Qərarda göstərilib ki, fakt üzrə başlanmış cinayət işinin istintaqı ilə əlaqədar axtarışa icazə verilir: “Mən müstəntiqdən həmin faktın nədən ibarət olduğunu soruşdum. Dedi ki, ölkəyə daxil olan külli miqdarda maliyyə vəsaitinin qeyri-qanuni məqsədlərlə xərclənməsindən söhbət gedir. Onlara məsləhət verdim ki, ölkəyə daha çox dini şəbəkələr daxil olur, onlarla məşğul olsunlar. Dediklərim də sonradan özünü doğrultdu – nurçular məsələsi. Ona görə məsləhət görürdüm ki, üzündən nur yatanlarla məşğul olun”.

Anar Məmmədli prokurorun suallarını cavablandırarkən onu da bildirdi ki, layihəyə cəlb olunanlar SMDT adından yox, fiziki şəxs kimi onunla müqavilə bağlayıb: “Qanun da buna imkan verir. SMDT qeydiyyatdan keçmədiyindən və hüquqi şəxs kimi mövcud olmadığından üzərinə öhdəlik götürə bilməzdi. Ona görə də fiziki şəxs kimi mənimlə xidmət müqaviləsi bağlanıb”.

Anar Məmmədli əlavə etdi ki, istintaq zamanı onunla heç bir şəxsi üzləşdirməyiblər. Bəşir Süleymanlı da ifadəsinə ittihamlar üzrə özünü qətiyyən təqsirli bilmədiyini vurğulamaqla başladı. Bəşir Süleymanlı bildirdi ki, onun söyləmək istədiklərinin əksəriyyətini Anar Məmmədli çıxışında qeyd edib, ona görə qısa danışacaq.

Mənimsəmə ittihamına toxunan Bəşir Süleymanlı bildirdi ki, belə bir hal olsaydı, donorlar həmin təşkilata ikinci dəfə qrant verməzdi: “Üstəlik, burada ifadə verənlər də bildirdilər ki, heç bir mənimsəmə olmayıb”.

O da yoxlama aktının etibarsız olduğunu qeyd etdi: “Orada göstərilənləri absurd hesab edirəm, bunu istintaqa ifadəmdə də demişəm. O aktı normal hesab etmədiyimdən bu haqda suallara cavab verməkdən də imtina etmişəm”.

Prokurorun zərərçəkmişlərin istintaqa ifadələri, eləcə də xəttşünaslıq ekspertizasının rəyi barədə suallarına cavab verən Bəşir Süleymanlı bildirdi ki, adamlar məhkəmədə pullarını tam şəkildə aldıqlarını, heç bir saxtalaşdırma olmadığını bəyan etdilər. Xəttşünaslıq ekspertizasının rəyini isə qəbul etmir: “Həm də ekspertiza mənim kiminsə əvəzinə imza atmağım barədə rəy verməyib”.

Bəşir Süleymanlı onu da qeyd etdi ki, Ədliyyə Nazirliyi müstəqil QHT-lərin qrant müqavilələrini çox vaxt qeydiyyata almaqdan imtina edir: “Biz Milli Demokratiya Institutunun qrant layihəsi barədə Ədliyyə Nazirliyinə məlumat vermişdik. Onlar bizə nə xəbərdarlıq göndərdilər, nə cərimə kəsiblər, nə yoxlama göndəriblər. Praktikada olub ki, qrant müqaviləsi qeydə alınmayan QHT təxminən 2000 cərimə olunub. Bizdə isə bu hallar baş verməyib. Ona görə biz layihənin icrasına başlamışıq”.

Vəkillərlə sual-cavab zamanı Bəşir Süleymanlı onu da bildirdi ki, onlar istintaqa ölkədə keçirilən prezident seçkilərindən 15-20 gün sonra – seçki pozuntuları ilə bağlı hesabatları yaydıqdan sonra cəlb olunublar. Onun sözlərinə görə, SMDT tərəfindən tərtib edilmiş seçki hesabatları beynəlxalq ictimaiyyətdə nüfuza malikdir və ATƏT,ÿABŞ Dövlət Departamenti kimi qurumlar hesabatlarında onların rəyinə istinad edir.

Vəkil Əlibaba Rzayevin sualına cavab olaraq Bəşir Süleymanlı bildirdi ki, istintaq zamanı ona prezidentliyə namizəd Cəmil Həsənliyə dəstək verib-vermədikləri soruşub: “Bildirdim ki, peşəkar fəaliyyətimiz bizə icazə vermir ki, bu və ya digər namizədə dəstək olaq”.

Vəkilin bu səpkidə olan suallarına hakim etiraz edərək vəkilə xəbərdarlıq edib.

Məhkəmə prosesi bu gün davam edəcək.

Aytən Məmmədova