Sosial şəbəkədə «Susma» haştaqı ikinci trend olub
Bir neçə gün öncə AXCP Gənclər Komitəsinin başlatdığı #susma “https://www.facebook.com/hashtag/susma” #dontbesilent “https://www.facebook.com/hashtag/dontbesilent” kampaniyası davam edir. Kampaniyada əsas məqsəd hakimiyyətin son vaxtlar, xüsusən Ukrayna inqilabından sonra ölkədə repressiyanı gücləndirməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
AXCP qərargahının partladılaraq sökülməsi, 8 nəfər cəbhəçi gəncin inzabati qaydada həbs edilməsi, Ismayıllı işi üzrə Ilqar Məmmədov və Tofiq Yaqublu başda olmaqla xeyli insanın ağır cəzaya məruz qalması, 8 nəfər gənc NIDA-çının üst-üstə 59 il müddətinə azadlıqdan məhrum edilməsi, məhkəmə qarşısında “azadlıq!” tələb edən gənclərə aqressiv münasibət, onların həbs olunması, AXCP fəalı Kəmalə Bənənyarlının 30 sutka müddətinə həbs edilməsi və polis idarəsində işgəncəyə məruz qalması, Anar Məmmədli, Pərviz Həşimli və Əbdül Əbilovun Ağır Cinayətlər Məhkəməsində davam edən sifarişli məhkəməsi, tanınmış jurnalist Rauf Mirqədirovun qurama ittihamla həbs edilməsi, Leyla Yunusa və həyat yoldaşına qarşı aparılan çirkin kampaniya, Mətanət Əzizova və digər vətəndaş cəmiyyəti fəallarının daimi təzyiq altında saxlanması və başqa faktlar göstərir ki, Azərbaycan hökuməti öz vətəndaşları ilə savaş içindədir.
Gənclər istəyir ki, bu kampaniya yalnız ölkə sərhədləri içində qalmasın, beynəlxalq aləmə da səs salsın. Kampaniya “facebook” və “tvitter” sosial şəbəkəsində uğurla davam edir. Yüzlərlə insan öz profil şəklini dəyişərək, “susma” ilə əvəzləyir. Yazılan statuslar işarələnərək beynəlxalq təşkilatlara, tanınmış siyasi xadimlərə ünvanlanır. Dünyanın nüfuzlu CNN kanalı da bu kampaniya ilə bağlı məlumat yayıb.
Gənclər ölkə ictimaiyyətini də bu kampaniyaya dəstək verməyə, siyasi məhbusların taleyinə biganə qalamamağa səsləyir.
Ötən gün hamının dəstəklədiyi Türkiyədəki faciə ilə bağlı “soma” haştağı 1-ci olub, 2-ci trend isə “Susma” haştaqı olub.
Xatırladaq ki, bundan öncə siyasi məhbusların azad olunması tələbi ilə “Azad et” kampaniyası start götürmüşdü və bu kampaniya “tvitter”də həftənin və ayın “trend”inə çevrildi. Hətta ABŞ senatoru Con Kardlin də bu kampaniyaya dəstək olmuşdu. Bu kampaniya beynəlxlaq mediada da işıqlandırılıb. Belə ki, Katy Pearce adlı, sosial media eksperti *azadet “haştaq”ı ilə yazılanları izləyib və bu haqda geniş məlumat topladıqdan sonra “nodexlgraphgallery” saytında böyük bir sxemlə virtual aksiya barədə məlumatlar yazmışdı.
Akif


