YAP-çı deputat Xocalı faciəsini unudub?
“Prezident Vladimir Putin başda olmaqla Rusiya bizə hörmətdən başqa heç nə etmir. Kim deyir ki, Rusiya bizim torpaqlarımızı işğal edib? Bizim torpaqlarımızı işğal edən keçmiş Sovet Ittifaqı hökuməti, o cümlədən Kommunist Partiyası olub. Bunun da başında Qorbaçov olub”.
Bu sözləri YAP-çı deputat Eldar Ibrahimov publika.az-a açıqlamasında deyib. Deputatın sözlərinə görə, Vladimir Putin prezident olduğu dövrlərdə Azərbaycanla münasibətlər hər zaman yaxşı olub: “Vladimir Putin o vaxtı ulu öndər Heydər Əliyev vəfat edəndə onun dəfn mərasiminə və Prezident Ilham Əliyev dövlət başçısı seçilən zaman Azərbaycana gəlmişdi. Hər kəsin yadına gələr, ötən il Rusiyadakı azərbaycanlı milyarderlər Azərbaycanda keçirilən prezident seçkilərinə təsir etmək istəyirdi. Ancaq onların qarşısını Vladimir Putin aldı. Indi kim deyə bilər ki, Rusiya rəhbəri Azərbaycan dövlətini istəmir? Kimsə Jirinovskinin bəyanatlarına görə nə isə nəticə çıxarmamalıdır. Vəziyyətə real gözlə baxmaq lazımdır. Reallıq da ondan ibarətdir ki, bu gün Rusiyanın Azərbaycana qarşı hər hansı pis niyyəti yoxdur. Mən bunu Həştərxana səfərimiz zamanı gözlərimlə gördüm. Orada bizə olan münasibətlərdə gördüm. Mən Putindən Azərbaycana qarşı ancaq yaxşılıq görmüşəm. Əgər Putin Azərbaycan dövlətini istəməsəydi, o zaman o vaxtı Bakıya gəlməzdi və imkan verərdi ki, azərbaycanlı milyarderlər Azərbaycanda keçirilən prezident seçkilərinə əngəl törətsin və sairə. Ancaq görürsünüz ki, bütün bunların qarşısını Vladimir Putin aldı. Indi biz necə deyə bilərik ki, Putinin Azərbaycan hakimiyyəti ilə münasibətləri pisdir? Mən Putinə çox təşəkkür edirəm ki, Azərbaycanda sabitliyin və əmin-amanlığın qorunmasına öz dəstəyini əsirgəmir”.
Maraqlıdır ki, Milli Şura yarananda YAP-çılar bu qurumu Rusiyanın layihəsi kimi qələmə verməyə çalışırdılar. Lakin indi YAP-ın tanınmış simalarından biri Eldar Ibrahimov Rusiyanı az qala böyük qardaş sayır. Eldar Ibrahimov tək deyil. Bundan əvvəl də bəzi hökumət nümayəndələri Rusiyaya qarşı bu sayaq təriflər yağdırıblar. Beləliklə, bir daha aydın olur ki, müxalifət deyil, məhz YAP hakimiyyəti ruspərəstlərdən ibarətdir.
Rusiyanın Azərbaycanın torpaqlarını işğal etməməsi iddiasına gəlincə, Eldar Ibrahimovun diqqətinə çatdırırıq ki, Azərbaycanı cənuba və şimala bölənlərdən biri də Rusiyadır. Dağlıq Qarabağın münaqişə ocağına çevrilməsi də Rusiyanın xidmətidir. 20 yanvar və Xocalı faciələri də məhz Rusiyanın “əsəridir”…


