Bakıda homoseksualı 2 manata görə amansızlıqla öldürdülər

Bakıda 5 gün əvvəl törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb 

Lent.az-ın əldə etdiyi məlumata görə, mayın 10-da Bakıxanov qəsəbəsi ərazisində 50 yaşlı İltifat Mehrəliyevi qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Turqay Bədəlovun yaxalanması dəhşətli məqamları ortaya çıxarıb. Bəlli olub ki, 1964-cü il təvəllüdlü İltifat Mehrəliyev Lənkəran rayon sakinidir. Bakıda zibilyığan avtomobillərdə fəhlə işləyən İ.Mehrəliyev 1 oğul, 5 qız atası olub və Bakıxanov qəsəbəsində kirayə yaşayırmış. Bir müddət əvvəl o, 23 yaşlı Turqay Bədəlovla tanış olub və onlar tez-tez metronun “Koroğlu” stansiyası yaxınlığında, İ.Mehrəliyevin kirayədə yaşadığı mənzildə görüşürlərmiş.

Bildirilir ki, qətlə yetirilmiş İ.Mehrəliyev cinsi azlıq nümayəndəsi olub. O, xeyli müddət özündən 27 yaş kiçik olan Turqay ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Mayın 10-da isə hər iki şəxs yuxarıda qeyd edilən evdə yeyib içiblər. Sərxoş vəziyyətdə olan İ.Mehrəliyev yatıb və bundan sonra T.Bədəlov küt alətlə onun başına vuraraq öldürməyə çalışıb. Yuxudan ayılan İ.Mehrəliyev heç nə anlamadan Turqayla əlbəyaxa olub və elə bu zaman gənc oğlan bıçaqla 50 yaşlı kişiyə çoxsaylı zərbələr endirərək onu öldürüb. O, qətl törətdikdən sonra ərazidən uzaqlaşıb.

T.Bədəlov ilkin ifadəsində bildirib ki, qətli tamah məqsədi ilə törədib və hadisədən sonra evdən 2 manat pul və telefon götürərək qaçıb. Lakin istintaq qətlin qısqanclıq, yəni İ.Mehrəliyevin T.Bədəlova “xəyanət” etməsinə görə törədilməsini də istisna etmir.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, T.Bədəlovun ailəsi Gürcüstanda yaşayır və o, Bakıda avaraçılıqla məşğul imiş.