Natiq Əliyev əsas problemləri açıqladı
İlham Şaban: «Kəmərin tikintisində əsas maraqlı tərəf Türkmənistan olmalıdır»
“Avropa Birliyinin təşəbbüsü ilə “Transxəzər” qaz kəməri və Türkmənistan qazının Azərbaycanın mövcud infrastrukturundan istifadə edilərək Avropaya ixracı istiqamətində danışıqlar gedir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.
N. Əliyev bildirib ki, bununla bağlı işçi qrupu yaradılıb, məsələ ilə əlaqədar Avropa Birliyinin enerji komissarı Bakıda olub və bir neçə dəfə Bakıda, Aşqabadda, Brüsseldə danışıqlar keçirilib. Lakin nazir bununla bağlı konkret nəticələrin olmadığını deyir və bunu bir neçə səbəblə izah edir.
N. Əliyevin sözlərinə görə, Türkmənistan Avropa Birliyinə enerji resurslarını çatdırmağa hazır olduğunu bəyan edir. Ancaq qazı sərhəddə təhvil verəcəyini bildirir. Türkmənistan yalnız bu prinsip əsasında Qərblə işləmək istəyir. Qazın necə nəql olunacağı, “Transxəzər” boru kəmərini kimin tikəcəyi ilə bağlı bu suallar açıq qalır.
Nazir bildirib ki, əgər Türkmənistan dövlətinin fikri, Avropa Birliyinin istəyi olsa, Azərbaycan infrastrukturunu bu istiqamətdə istifadəyə verməyə hazırıq. Digər tərəfdən, Azərbaycan Türkmənistan qazının nəqli imkanlarını bütün layihələrində nəzərə alır. Azərbaycan “Transxəzər” qaz kəməri layihəsinə dəstək verməyə, bununla bağlı infrastrukturunun istifadə edilməsinə hazırdır.
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, kəmərin tikintisində əsas maraqlı tərəf Türkmənistan olmalıdır: ««Transxəzər» qaz kəmərinin çəkilməsi məsələsi gündəmə gətirəndə təklif belə idi ki, Türkmənistan qazını Avropaya Xəzərin dibi ilə boru kəməri ilə çəkib aparmaq olar. lakin sonradan bu məsələyə xitam verildi. Azərbaycan heç vaxt o layihənin iştirakçısı olmayıb. Bu layihədə bir nömrəli maraqlı tərəf Türkmənistan olmalıdı. Türkmənistan da dəfələrlə bəyan edib ki, qazı bütün istiqamətlərə öz sərhəddimdə verirəm. Qaz almaq istəyənlər özləri neə aparacaqlarını müəyyən edə bilər. Bunu açıq şəkildə deməsələr də, məğzi belə çıxır».
Ekspertin sözlərinə görə, Türkmənistan başqa riskləri bölüşmək istəmir. Bu onların dövlət siyasətidir: «Belə götürəndə bir tərəfdən düz edirlər. Çünki böyük bir ölkə deyil və dövlət maraqlarını risk altına qoymaq istəmir. Kimsə gəlib qaz almaq istəyir, buyursun gəlsin alsın sərhəddində. Necə ki, Çin, İran, Rusiya aldı. Ondan qaz almaq istəyən Türkiyə olub. 1999-cu ildə müqavilə imzalamışdı, həyata keçirə bilmədi. Bir də indi yenidən Avropa gündəmə gəlib. Ancaq Avropa siyasi bəyanatlardan o tərəfə keçmir. Azərbaycan isə həmişə deyir ki, mən enerji xartiyasını imzalayan ölkə kimi öz ərazimdən tranzit istifadə etmək üçün şərait yaradıram. Ancaq qazı satanla alan müqavilə imzalayandan sonra. Qazı satanla alan indiyə qədər heç memorandum səviyyəsində bir anlaşma əldə etməyib».
Ekspertin fikrincə, Azərbaycanın ortaya düşüb özünü İran və Rusiyanın geopolitik təsirlərinə məruz qoyması bu məqamda arzuolunan deyil. Ona görə Azərbaycan bu işlərə qarışmamaqla doğru addım atır. Gərək ilk növbədə qaz alan və qaz satan tərəflər məsələni həll etsin. Biz də tranzit ölkə kimi dəstəyimizi verək.
Fizzə


