Heydər Əliyevin qızının fikirləri hakimiyyət daxilində ciddi müzakirələrə səbəb olub
Ölkə başçısı Ilham Əliyevin bacısı, hazırda Londonda yaşayan Sevil Əliyevanın müsahibəsi hakimiyyəti çalxalayıb. Bu barədə redaksiyamıza iqtidardaxili mənbələr məlumat verib. Məlumatda bildirilir ki, hazırda hakimiyyət daxilində Sevil Əliyevanın müsahibədə səsləndirdiyi bəzi fikirlər ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Sevil Əliyeva bu günlərdə nəzarətində olan Space telekanalına müsahibə verib. Ölkə başçısının bacısı müsahibədə atası Heydər Əliyevin adından sui-istifadə cəhdlərindən də danışıb.
“Nə qədər ağır da olsa gəlin Heydər Əliyevin həyatının ən ağır və dramatik dövrlərindən birini yada salaq. Onun vəzifədən çıxarıldığı Moskva dövrünü. Onda onun yuxarı çəkdiyi, vəzifə verdiyi adamlar Heydər Əliyevdən üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər.
Biz artıq bunları görmüşük, bu mərhələni keçmişik. Onda atamın pensiyada olduğu illər idi. Ancaq bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar… Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir eləsin, ancaq öz adından. Ancaq yaltaqlanmaq və mənim atamın adından öz maraqları üçün istifadə etmək lazım deyil”, – deyə Sevil Əliyeva bildirib.
Heydər Əliyevin qızı bu fikirləri 90-cı illəri xatırlamaqla səsləndirib. Deməli, söhbət 90-cı illərdə Heydər Əliyevdən üz döndərib, o hakimiyyətə gələndən sonra üzə çıxan və hazırda da yüksək vəzifə tutan məmurlardan söhbət gedir. Məlumatda bildirilir ki, hakimiyyət daxilində də əsasən Sevil Əliyevanın kimi, yaxud kimləri nəzərdə tutduğu müzakirə edilir.
Bundan başqa iqtidarda Sevil Əliyevanın müsahibəsi cəmiyyətə mesaj kimi qiymətləndirilir. Yəni onların fikrincə, Heydər Əliyevin qızı hazırki hakimiyyətin sadəcə onun atasının adından istifadə etdiyini və xalqı deyil, öz maraqlarını düşündüyünü, cəmiyyətin isə buna etiraz etməli olduğunun mesajını verib.
Bildirilir ki, bu müsahibəyə görə Sevil Əliyevaya bağlı olan şəxslərə, o cümlədən müsahibəni götürən Space kanalının rəhbəri Vaqif Mustafayevə təzyiqlər edilə bilər.
Informasiya şöbəsi



