Prokurordan rüsvayçı cəza tələbi

Gültəkin Hacıbəylinin keçmiş baldızına 9 il 4 ay həbs əvəzinə azadlıq

Hakimiyyət yüzlərlə qadına qarşı diskriminasiya siyasəti aparır 

Ölkə ictimaiyyəti dələduzluqda və mandat alverində ittiham olunan Gülər Əhmədova şokunu yaşayıb qurtarmamış daha bir analoqu olmayan məhkəmə rüsvayçılığına şahid olmaqdadır.  May ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 144.1.2.8 (ÿzərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə insan alveri) və 144.2.1-ci ( əməyin istismarı) maddələri ilə təqsirləndirilən Aynur Mehdiyevanın işi üzrə növbəti məhkəmə iclası keçirilmişdir.

Aynur Mehdiyevanın qurbanı olan filippinli qadın məhkəmədə pasportunun gəldiyi gün əlindən alındığını və qaytarılmadığını, əmək müqaviləsində göstərilən işlərdən əlavə işlər görməyə məcbur edildiyini, bir il ərzində ona bir gün də olsa, istirahət verilmədiyini, daim nəzarətdə saxlanıldığını, azadlığının məhdudlaşdırıldığını, Aynur Mehdiyevanın onu təhqir etdiyini, döydüyünü, plastik stulu başına çırpdığını, hamamda plastik vanna ilə boğazından divara sıxaraq boğduğunu, qayçının arxası ilə başına döydüyünü və qayçının iti tərəfi ilə qolunu yaraladığını, başına su tökdüyünü, yumruqla vurub ağzını, dodağını partlatdığını, yumruqla kürəyində, qolunda, biləyində və bədəninin müxtəlif yerlərində xəsarətlər yaratdığını bildirib. Onun sözlərinə görə, 2012-ci ildən etibarən bu işgəncələr mütəmadi xarakter alıb. Əvvəllər gecə 2-dən səhər 8-ədək yatsa da, 2013-cü ilin yanvar ayından ona yalnız 2-3 saat yatmağa icazə verilib. Hakim Iradə Həsənzadənin sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı Fariz Rzayev məhkəmə istintaqı zamanı  Aynur Mehdiyevanın insan alveri və əməyin istismarı cinayətini törətməsinin tam sübuta yetirildiyini bildirib. Lakin əsl rüsvayçılıq bundan sonra başlayıb. Cinayət Məcəlləsinə görə 8 ildən 12 ilədək  və 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılan iki ağır cinayətin qarşılığında prokuror Aynur Mehdiyevaya 9 il 4 ay həbs cəzası istəsə də,  məhkəmədən Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həbsi bir il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz etməyi xahiş edib. “Azadlıq” olaraq hakimiyyətin Aynur Mehdiyevaya həbslə bağlı olmayan cəza verəcəyi və bu haqla onun yaxınları ilə anlaşma olduğunu yazmışdıq. Məlumatımız tam təsdiqini tapmaqdadır. Bu, Azərbaycan məhkəmə praktikasında bu vaxtadək rast gəlinməyən bir rüsvayçılıqdır. Özü də təqsirləndirilən şəxs onun günahı üzündən bir ildən çox davam edən istintaq zamanı işləyə bilməyən və DIN-ın sığınacağında yaşamalı olan zərərçəkənin 17 min manat dəyərində maddi təzminat tələbini  ödəməkdən imtina edir. Məhkəmələrin 70-ci maddəni tətbiq etməklə həbsi şərti cəza ilə əvəz etmək təcrübəsinə az da olsa rast gəlinsə də, bugünədək heç vaxt Baş Prokurorluğun Dövlət Ittihamını Müdafiə idarəsi 9 il 4 aylıq həbsi bir illik sınaq müddəti ilə əvəz etmək kimi absurd və gülünc tələblə çıxış etməyib. O zaman, dövlət ittihamçısı təqsirləndirilən şəxsi niyə ağır cinayətlərdə ittiham edilməlidir? O zaman istintaq nəyə xidmət edirdi?

Əslində, evdar qadın olan və heç bir ictimai əhəmiyyətli fəaliyyəti olmayan Aynur Mehdiyeva ona yaradılan bu cəzasızlıq mühitinə görə yalnız və yalnız Milli Şura üzvü Gültəkin Hacıbəyliyə borcludur. Belə ki, Gültəkin Hacıbəylinin fəal və tənqidçi siyasi fəaliyyətini həzm edə bilməyən recim ona qarşı iyrənc qarayaxma və şərləmə kampaniyasını məhz Aynur Mehdiyevanın, onun qardaşı Mahmud Mehdiyevin və anaları Nəhayət Məmmədovanın vasitəsilə həyata keçirmişdir. Mehdiyevlər özlərini keçmiş gəlinlərinə qarşı hakimiyyətin istifadəsinə verdikləri üçün mükafatlandırılırlar. Xatırladaq ki, bir il öncə, Mahmud Mehdiyev tam bir rəzalət olan və işıqlandırılmasına hakimiyyətin bütün media imkanlarının səfərbər olunduğu “mətbuat konfransında” oğlunun anasına iyrənc böhtanlar atdı. Az sonra Nəsimi rayon məhkəməsı 2013-cü ilin iyul ayında sonuncu həyat yoldaşının da rəsmən boşandığı Mahmud Mehdiyevin 9 il ərzində necə böyüməsindən xəbərsiz olduğu və onu ata kimi tanımaqdan imtina edən 9 yaşlı uşağın faktiki olaraq anası Gültəkin Hacıbəylidən alınıb ona verilməsi haqqında Azərbaycanda rast gəlinməyən mənəviyyatsız və qanunsuz məhkəmə presedenti yaratdı. Sonra həmin Nəsimi rayon məhkəməsi Nəhayət Məmmədovanın iddia müddəti 8 il əvvəl ötmüş saxta və uydurma “50 minlik borc” iddiasını icraata qəbul edərək onun əsasında keçmiş millət vəkilinin dəyəri dəfələrlə çox olan bütün əmlakına həbs qoydu. Və nəhayət, Aynur Mehdiyeva qardaşı ilə birlikdə Gültəkin xanıma qarşı xüsusi ittiham qaydasında cinayət işi qaldırdılar. Gültəkin Hacıbəyliyə qarşı “şərəf və ləyaqət” davası açan, lakin  dövlətin cinayətkar, insan alverçisi elan etməklə şərəf və ləyaqətinə hüquqi qiymət verməyə hazırlaşdığı Aynur Mehdiyeva  sən demə “heç vaxt saxlanılmayıb, ittiham olunmayıb, təqsirləndirilən şəxs qismində cəlb edilməyib”. O zaman, Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses bir tamaşadır… və əslində Mehdiyeva bu məsələdə haqlıdır. Çünki Baş Prokurorluğun ona bir il sınaq müddəti ilə şərti cəza istəməsinin başqa adı yoxdur. Görünür, hakimiyyətin “Gültəkin Hacıbəyli qorxusu” o qədər güclüdür ki, buna görə Baş Prokuroru və prokurorluğu rişxənd obyektinə çevirməyə belə razı oldular. Öncə Mahmud Mehdiyevin “treninqi” və oğlunun anasına qarşı qarayaxma kampaniyasının “kuratorluğunu” Baş Prokurorluğa həvalə etdilər. Sonra Zakir Qaralova Mahmud Mehdiyevin fərariliyə və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə görə qovulması haqqında əmrini geri oxudaraq onu Xətai rayon prokurorluğuna müstəntiq təyin etdirdilər. Sonda isə 9 il 4 ay qarşılığında bir il şərti cəza istəmək səviyyəsinədək aşağılandılar. Lakin, görünür Baş Prokurluğun və Baş prokurorun özünəqiymət hissi elə bu səviyyədədir. 

Azərbaycan hakimiyyətinin cinsindən asılı olmayaraq öz “piyadaları” – işverənləri, çuğulçuları və cinayət ortaqları üçün cəzasızlıq mühiti yaratdığını, bununla da bu əməlləri rəsmən təşviq etdiyini anladıq. Lakin hakimiyyət də anlamalıdır ki, Azərbaycan həbsxanalarında daha yüngül cinayətlərə görə məhkum edilmiş, hakimiyyətin sevimliləri Aynur Mehdiyeva kimi himayəsində azyaşlı uşaq olan və hətta onlardan fərqli olaraq vurduqları maddi ziyanı ödəmiş yüzlərlə qadın var. Çuğulçuluq etməsələr də, onlar da  qadındır, anadır və YAP iqtidarının belə ayrımçı  qadın və cəza siyasəti cəmiyyətə, sadəcə, ikrah doğurur.   

Aynur Mehdiyevanın barəsində 8 ildən 12 ilədək həbs nəzərdə tutulan məhkəmə istintaqı tərəfindən sübuta yetirilmiş cinayətlər qarşılığında Azərbaycan məhkəmə praktikası tarixində analoqu olmayan bir il sınaq müddəti həm də ona görə istənildi ki, Aynur Mehdiyeva öz layıqli cəzasını alsa- həbs olunsaydı, Yasamal rayon məhkəməsinə gəlib yalandan Gültəkin Hacıbəylini üzünə dura, on böhtan ata və çuğulçuluq edə bilməzdi. Görünür hakimiyyətə Aynur Mehdiyevanın Gültəkin Hacıbəyliyə qarşı bu xidmətləri xüsusilə vacibdir və sınaq müddətində olduğu bir il ərzində  də qardaşı, Xətai rayon prokurorluğunun yeni müstəntiqi Mahmud Mehdiyevlə birlikdə işverənlik xidmətlərini xüsusi canfəşanlıqla yerinə yetirməlidir. Əks halda, Aynur Mehdiyeva  həyatının 9 il 4 ayını dəmir barmaqlıqlar arasında keçirməli olacaq.