Ölkə başçısı Ilham Əliyev Hacıbala Ibrahim oğlu Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hacıbala Ibrahim oğlu Abutalıbov ”Şərəf” ordeni ilə təltif edilsin”.
Bəli, şəhərimizin meri də şərəfləndi. Bu ölkədə fəxri adlar çoxdandır ad günü hədiyyəsinə çevrilib. Bir qayda olaraq 60 yaşı tamam olan YAP-çılar, ölkə başçısını tərif atəşinə tutan sənət adamları “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunur. Bu adamların ümumi siyahısına nəzər salanda məlum olur ki, əksəriyyət insanlar arasında nüfuz sahibi olmayan şəxslərdi.
Artıq bu ölkədə fəxri adlar o qədər adiləşib ki, heç kim üçün bu adları almaq əlçatmaz görünmür. Bu adları almaq üçün xalq qarşısında xidmətə, ictimai-siyasi fəaliyyətə ehtiyac yoxdur. Tələb olunan yalnız rejimə sədaqətdir.
Son olaraq Hacıbala Abutalıbova “Şərəf” ordeni verilməsi, növbəti dəfə cəmiyyətdə ikrahla qarşılandı. Bəzi adamlar isə, məsələyə ironik yanaşaraq, Hacıbala Abutalıbova “Şərəf” ordeninin verilməsini “Ölkədə bir kişi var, o da Ilham Əliyevdir” ifadəsi ilə əlaqələndirdilər.
Eldəniz Quliyev: «Azərbaycanda fəxri adlar xalq qarşısında xidmətə görə yox, hakimiyyət dairələri qarşısında təzim etməyə görə verilir»
Kinorejissor Eldəniz Quliyev hesab edir ki, Abutalıbova fəxri ad verilməsi absurddur: “Azərbaycanda fəxri adlar şəxsin bacarığına, ağlına, xalqa xidmətinə görə yox, hakimiyyət dairələri qarşısında təzim etməsinə görə verilir. Bu mənzərə toyuqlara dən səpmək mənzərəsini xatırladır. Hakimiyyət bir qrup adama dən atır və bu adamlar da qızıl yumurta çıxarırlar. Mən fəxri adların verilməsinin əleyhinə deyiləm. Bir şərtlə ki, həmin fəxri ad həqiqətən fəxri adama verilsin, xalqın fəxr etdiyi adama verilsin. Hacıbala kimi adamlara fəxri adın verilməsi isə absurddur. Klassik mənada insan bu adı öz istedadına, ağlına görə almırsa, nəticə iki formada təzahür edir. Ya komediya, ya da faciə ilə. Yəni insan ya gülüş hədəfinə çevrilməlidi, ya da bu onun faciəsinə çevrilməlidi”.
Mehriban Vəzir: «Dövlətə aid olan hər hansı bir mükafat fərdə verilirsə, mütləq ictimai rəy nəzərə alınmalıdır»
Publisist Mehriban Vəzir fəxri adların bu formada paylanmasının təəssüf doğurduğunu bildirdi: “Ümumiyyətlə, fəxri ad fərdə aid deyil, bu dövlətə məxsusdu. Dövlətə aid olan hər hansı bir mükafat fərdə verilirsə, mütləq ictimai rəy nəzərə alınmalıdır. Həmin vəzifə adamının, sənət adamının ictimai rəydə nüfuzu, çəkisi olmalıdır. Yəni bu adamın mövqeyi araşdırılmalıdır və cəmiyyətin bu şəxsə münasibəti müəyyənləşməlidir. Azərbaycanda isə bir qayda olaraq ictimai rəy nəzərə alınmır. Çünki xalqa hörmət olunmur. Sanki bu fəxri adlar kiminsə cibindədir və istədiyi adama çıxarıb hədiyyə edir. Bu, yanlış münasibətdir və bu adları verənlər bunun mahiyyətini başa düşmür. Bunlar fəxri adların verilməsinin kriteriyalarını, prosedurlarını bilmirlər. Baş verənlərdən təəssüflənirəm. Hər dəfə belə təltiflərdən sonra cəmiyyətdə ikrah hissi yaranır”.
Akif


