Ekspertlərə görə, bu formatda əməkdaşlığın qurulması Azərbaycan və Türkmənistan qazının Avropaya çıxarılmasına hesablanıb
Mayın sonlarında ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə Türkiyə Xarici Işlər Nazirliyindəki mənbə məlumat verib. Məlumata görə, görüşün Bakıda keçirilməsi nəzərdə tutulur.
Görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlərin müzakirəsi gözlənilir. Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Iran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.
Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.
Türkiyə-Azərbaycan- Gürcüstan formatı yarananda Gürcüstanın xarici işlər naziri bildirmişdi ki, məqsəd ölkələrimizin maraqlarını müdafiə etməyə yönəlib. O qeyd etmişdi ki, yeni format kiməsə qarşı yönəlməyib və yalnız ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Bəs, yeni Azərbaycan-Türkiyə- Türkmənistan formatının yaranması nəyə hesablanıb?
Ukraynada baş verənlər Rusiya ilə Qərb arasında ciddi qarşıdurma yaratdı və nəticədə Rusiyaya qarşı sanksiyaların tətbiqi gündəmə gəldi. Ancaq, bu da reallıqdır ki, Avropanın qaz təminatının böyük hissəsi Rusiya ilə bağlıdır. Indiki şəraitdə Avropa Rusiyadan qaz asılılığından xilas olmaq üçün alternativ axtarışına çıxmalıdır. Bu baxımdan Türkmənistan qazının Avropaya çıxarılması çıxış yolu ola bilər və Avropa bu istiqamətdə bütün imkanlardan istifadə etməkdə israrlıdır.
Ekspertlər də hesab edir ki, region xalqlarının iqtisadi, enerji və siyasi əməkdaşlığı gündəmdədir. Eyni zamanda bu format həm ABŞ, həm də AI tərəfindən dəstəklənir. Çünki, bu əməkdaşlıq həm Qərbə, həm də region ölkələrinə mənfəət gətirəcək. Türkiyə regionun aparıcı dövlətidir və NATO-nun üzvüdü. Azərbaycan və Türkmənistan qazının Avropaya çıxarılmasında, Türkiyə qarantdır.
Eksperlər Azərbaycan-Türkiyə-Türkmənistan formatında əməmkdaşlığı bütün mənalarda müsbət qiymətləndirir.
Akif


