Mərkəzi Bank Rusiyanın iqtisadi çöküşünü təhlil etdi
Məhəmməd Talıblı: «Hazırda atılan addımlar sanki Rusiyaya daha çox pulunun xərclədilməsinə və onu defolt təhlükəsi ilə üz-üzə qoymağa hesablanıb»
Rusiya-Ukrayna gərginliyində müzakirə mövzularından biri də münaqişədə Moskvanın hansı iqtisadi itkilər verəcəyidir. Maraqlıdır ki, Azərbaycan Mərkəzi Bankı baş verənlərlə bağlı tədqiqat aparıb. Tədqiqatın nəticələri bankın mətbuata açıqladığı bülletendə əksini tapıb. Tədqiqatda qeyd edilir. Rusiyanın iqtisadi geriləmə ilə üzləşə biləcəyini təhlil edən ekspertlər Rusiyanın iqtisadi potensialına da toxunublar: “Neft qiymətlərinin nisbətən sabit olmasına baxmayaraq, ekspertlərin fikrincə, kapitalın ölkədən çıxması, yüksələn faiz dərəcəsi və investisiyaların azalması nəticəsində Rusiya bu ilin ortasına doğru yumşaq iqtisadi geriləmə ilə üzləşə bilər. İqtisadi sanksiyalar, həmçinin kapitalın ölkədən çıxması və inkişaf dinamikasının zəifləməsi nəticəsində ölkə xarici investorlar üçün cəlbediciliyini itirə bilər. Artıq “Fitch” və “Standard&Poors” agentlikləri Rusiyanın kredit reytinqi üzrə gözləntiləri sabitdən mənfiyə doğru azaldıb. “Euromoney”in məlumatına əsasən, Kiyevlə yaranan konfliktin başlaması ilə Rusiya bazarında səhmdarlar 11 faizi səhmlərini satıb. Həmçinin qısamüddətli dövlət istiqrazları üzrə faiz dərəcəsi 1.5 faiz bəndi artıb, rubl dollara qarşı dövrünün ən aşağı səviyyəsinə düşüb. Ekspert hesablamalarına görə, 2014-cü ilin əvvəlindən 50 milyard dollar həcmində vəsait Rusiya bazarını tərk edib və bu trendin davam etməsi böhrana səbəb ola bilər».
Rusiyadan yeni kapital axının baş verə biləcəyini proqnozlaşdıran ekspertlər 2008-ci il Rusiyadan böhran nəticəsində 130 milyard dollar həcmində vəsaitin çıxarılmasını xatırladıblar: «The Guardian» qəzetinin verdiyi məlumata əsasən, Qərb ölkələrinin Rusiyaya qarşı elan etdikləri sanksiyalar maliyyə bazarlarının gözləntilərindən daha yumşaq olub. Sanksiyalar elan olunduqdan sonra valyuta bazarında rubl möhkəmlənib və səhm bazarında artım müşahidə olunub. Ekspertlər hesab edir ki, sanksiyalar ixraca və bank sektoruna tətbiq edildiyi təqdirdə bu, Rusiya iqtisadiyyatına əhəmiyyətli təsir edə bilər».
Ekspertlər bundan başqa Rusiyanın iqtisadi imkanlarının da düşünüldüyü kimi geniş olmadığını üzə çıxarıblar məlum olub ki, Rusiyanın sərəncamında cəmi 150 milyard dollar var. Bu vəsait isə Rusiyanın xərcləri nəzərə alınarsa olduqca azdır: «İqtisadi şoklara qarşı Rusiyanın əsas makromüdafiə aləti 500 milyard dollar həcmində olan valyuta ehtiyatları hesab olunur. Analitiklərin fikrincə, 500 milyardlıq ehtiyatların 230 milyardını dövlət istiqrazları, BVF-nin ehtiyatları və qızıl təşkil edir. Sərəncamda olan valyuta ehtiyatları isə 270 milyard dollardır. 3 aylıq idxalı maliyyələşdirmək üçün 120 milyard dollarına qədər vəsait lazım olduğundan sərəncamda yalnız 150 milyard ABŞ dolları qalır. Bu rəqəmin böyük olmasına baxmayaraq, Rusiya Mərkəzi Bankı tək bir gün ərzində bazara 10-12 milyardlıq intervensiya edir. Bunu nəzərə alsaq, sərəncamda qalan valyuta ehtiyatlarının yalnız 15 günlük intervensiyaya kifayət edəcəyi aydın görünür”.
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı bildirdi ki, bu tədqiqata diqqət edəndə görünür ki, tədqiqat qrupunun əsas istinad etdiyi sənədlər xarici mənbələrdir. Amma oxşar tədqiqatları digər maliyyə qurumlarıda həyata keçirib: «Məsələn, Beynəlxalq Valyuta Fondunun ekspertləri Qərbin Rusiyaya yönəlik iqtisadi sanksiyalarına təxminən belə bir maraqlı şərh yazmışdılar: sanksiyanın qorxusu sanksiyanın özündən daha güclü gönünür. Əslində bu tək Rusiyanın timsalında qiymətləndirilməsi düz olmazdı. Şüuraltı mənası bundan ibarətdir ki, hansı dövlət Avropaya inteqrasiyada belə tərəddüdlərə yol verərsə və qlobal miqyasda axına qarşı üzərsə, onu da Rusiyanın taleyi gözləyə bilər. Bu əslində Aİ-nın Şərq Tərəfdaşlığı Prqoramına daxil olan ölkələr üçün də siqnal effekti yaratmaqlıdır. Ola bilsin ki, bu mənada Mərkəzi Bankın ekspert qrupu bu təsirin miqyasını dəqiq göstərmək üçün Rusiyanın timsalında digər ölkələr üçün də bunun miqyasını təsəvvür etməyə hesablanmış rəy hazırlayıblar».
Ukrayna böhranının Rusiyanın iqtisadi geriləməsinə səbəb ola biləcəyi ilə bağlı fikirlərə gəlincə, M.Talıblı bildirdi ki, bu Rusiyaya iqtisadi inteqrasiyanı ciddi mənada tormozlayan faktordur. Artıq sanksiyalardan sonra Rusiyanın iqtisadi orbiti ətrafında cazibədarlıq xeyli itib: «Müxtəlif bazarlarda “soyuma”, trendlərin sınması, investorların maraqlarının azalması və s. kimi neqativ amillər artıb. Eyni zamanda Rusiyanın militarist siyasətinə adekvat olaraq strateji valyuta ehtiyatlarından 10 milyardlarla vəsaitin xərclənməsi də daxildə xeyli narazılıqlar yaradıb. Sosial müdafiəsi heç də güclü olmayan Rusiya vətəndaşı üçün siyasi məqsədlər üçün büdcədənkənar fondların boşaldılmasına heç də sıcaq baxılmır. Digər tərəfdən də görünən odur ki, Rusiya illər uzunu əlverişli neft qiymətlərinin yüksək olduğu dövrlərdə ehtiyat fonduna bu qədər vəsait yığa bilmişdi. Amma bir tərəfdən əvvəlki hasilat yoxdur, digər tərəfdən isə olan valyuta ehtiyatları ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaratmır. ÜDM-in formalaşmasında mühüm rol oynayan sektorlarda isə iqtisadi hərarətlənmə xeyli aşağı düşüb. Bu isə bir neçə istiqaməli təhlükənin anonsudur».
İqtisadi şoklara qarşı Rusiyanın sərəncamda yalnız 150 milyard ABŞ dollarının olduğu ilə bağlı hesablamanın da maraqlı olduğunu deyən M.Talıblı vurğuladı ki, intervensiyanın indiki halda meydan çıxmasının əsas səbəbi Ukrayna-Rusiya konfliktinin ölkənin pul-kredit siyasətinin dəyişkənliyinə təsiri ilə bağlıdır. Bu isə Rusiyanın MB-nın monetar siyasətinin effektiv aparılmasına xeyrli təsir edir: «Belə vəziyyətdə monetar tənzimlənmə intervensiya adı ilə xeyli dövlət vəsaitinin sərf olunmasına gətirib çıxarır. Rublun dönərli valyuta növü kimi saxlanması və möhkəmlənməsinin qarşısının alınması üçün əlavə olaraq xeyli vəsait xərcləyəcək. Digər tərəfdən isə Rusiyanın bank sektoruna Rusiya vətəndaşlarının da inamı xeyli sarsılıb. Təkcə Rusiya banklarından bu aylar, yəni rüb ərzində txəminən 400 milyard rubl həcmində əmanətlərin geri çəkiblər. İtkilər baxımından vəziyyəti ümumiləşdirəsək, proqnozlaşdırmaq olar ki, bu vəziyyətin hər günü Rusiyanın iqtisadiyyatı və strateji valyuta ehtiyatalarına təhdid kimi çox təhlükəlidir. Açığı, Rusiya üzərində bu dalğanın “əsməsi” sanki onu bu müstəviyə çəkərək daha çox pulunun xərclədilməsi və defolt təhlükəsi ilə üz-üzə qoymasına hesablanıb».
Xəyal


