Avropaya inteqrasiya şərtləri dəyişir

Fransa prezidenti Rusiya bəhanəsini aradan qaldıracaqlarını vəd edir

«Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə münasibətləri genişləndirmək və dərinləşdirmək fikrində deyil»

Ermənistana səfər edən Fransa prezidenti Fransua Olland Ermənistanın Avropa Birliyinə inteqrasiyası məsələsinə toxunub. Olland bildirib ki, Ermənistan eyni vaxtda həm Avropa Birliyi, həm də Gömrük Ittifaqı ilə əməkdaşlıq edə bilər.

Fransua Olland qeyd edib ki, Ermənistanın Gömrük Ittifaqı və Avrasiya Iqtisadi Şurasına daxil olmaq, yoxsa Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaq kimi seçim qarşısında qalmasını istəmir.

Fransa prezidentinin sözlərinə görə, Ermənistanın Avropaya assosiasiyanın elə bir modelini tapmaq lazımdır ki, onun Gömrük Ittifaqına üzvlüyünə zidd olmasın. O həmçinin Avropa Komissiyası qarşısında Ermənistan üçün daha yaxşı şərait yaratmaq məsələsi qaldıracağını bəyan edib. 

Fransa prezidentinin təklif etdiyi model nədən ibarət ola bilər və bunun AB ilə əməkdaşlıqdan yayınan Azərbaycana da tətbiqi mümkündürmü?

Ekspertlər ötən il Avropa Birliyi ilə Ermənistan arasında Assosiasiya müqaviləsi ilə bağlı intensiv danışıqların getdiyini, lakin görünür, Brüsseldə bu işlərlə məşğul olan şəxslərin Ermənistanda Rusiya amilini ciddi şəkildə nəzərə almadıqlarını deyir. 2013-cü ilin sentyabrın 3-də Ermənistanın Gömrük Ittifaqına qoşulması ilə bağlı qərar verməsi Rusiyanın qələbəsi, Ermənistanın məğlub olması idi. Əslində, xeyli mənada Rusiya Federasiyasının subyektlərindən birinə çevrilmiş Ermənistanın Putinin istəyi olmadan beynəlxalq aləmdə ciddi addımlar atması güman olunmur. Avropa Birliyi bunu nəzərə alaraq Ermənistanla Assosiasiya müqaviləsinin başqaları ilə bağlanmış analoji müqavilələrdən xeyli fərqlənən formasını tətbiq etmək istəyir. Məqsəd aydındır. Avropa Birliyi Ermənistanı öz orbitinə cəlb etmək üçün rasional və praqmatik addımlara hazır olduğunu Ollandın dili ilə bildirib. 

Ekspertlər hesab edir ki, Avropa Birliyi, arzuolunan səviyyədə olmasa belə, Ermənistanla münasibətləri davam etdirmək istəyir. Başlıca məqsəd Ermənistan cəmiyyətini tədricən Avropaya yaxınlaşdırmaqdır. Ən müxtəlif parametrlər baxımından, istər coğrafi mövqe, istər ərazi, istər əhali, istərsə də enerji resursları baxımında Azərbaycan Avropa Birliyi üçün Ermənistandan daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ermənistan ölkəmiz üçün rəqib deyil. Sadəcə olaraq başlıcası Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə münasibətləri məsələsidir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə münasibətləri genişləndirmək və dərinləşdirmək fikrində deyil. Başlıca səbəb isə birliyin demokratik dəyərlərə münasəbətidir.

Fizzə