20 milyardı nəzarətsiz buraxmaq olmaz

Deputat «Maliyyə nəzarəti haqqında» qanunun qəbulunu təklif edir

Azərbaycanda büdcə vəsaitlərinin qeyri-rasional istifadəsi faktlarının və çatışmazlıqların aradan qaldırılması üçün “Dövlət maliyyə nəzarəti haqqında” qanun qəbul etmək lazımdır”. Bu təkliflə Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin İqtisadi siyasət komitəsinin iclasında çıxış edib. Onun sözlərinə görə, aparılan araşdırmalar və hesablamalar büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi pozuntuların mövcudluğunu təsdiq edir: “Qanunun mövcudluğu irimiqyaslı layihələrin maliyyələşdirilməsi çərçivəsində dövlət büdcəsi vəsaitlərinin xərclənməsinə nəzarəti təmin etməyə imkan verəcək”.

Deputat, həmçinin dövlət büdcəsindən maliyyələşdirmənin aşkarlığında yubanmaların aradan qaldırılmasının zəruriliyini vurğulayıb ki, bu da layihələrin vaxtında reallaşdırılması üçün vacibdir: “Dövlət büdcəsi vəsaitləri ilin əvvəlindən əlçatan olmalıdır”.

Bəs Azərbaycanın dövlət büdcəsinə nəzarət hansı qurum tərəfindən həyata keçirilməlidir? Bunu Maliyyə Nazirliyi yoxsa Hesablama Palatası aparmalıdır?

Vahid Əhmədov: «Büdcənin xərc hissəsinə nəzarəti gücləndirmək lazımdır»

Bu sualı ilk olaraq elə deputat Vahid Əhmədova ünvanladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, büdcəyə Hesabalama Palatası və Maliyyə Nazirliyinin nəznində olan bir qurum nəzarət edir. Amma onun fikrincə, bu nəzarət mexanizmi daha da təkmilləşdirilməlidir və nəzarətin necə aparılması ilə bağlı qanun qəbul edilməlidir: «Hesabalama Palatasının apardığı yoxlamalar nəticəsində dövlət büdcəsində kifayət qədər nöqsanlar aşkar edilir. Bu ya mühasibat uçotunu bilməməkdən, ya da təcrübənin kifayət qədər olmamasından irəli gəlir. Ona görə büdcənin xərc hissəsinə nəzarəti gücləndirəcək yeni bir qanun layihəsinin hazırlanmasına ehtiyac var. Biz artıq bir neçə ildir ki, bunu təklif edirik. Həmin qanunda mexanizm açıq formada göstərilməlidir ki, hansı vasitələrdən istifadə olunmalıdır. Vaxt var idi dövlət büdcəsi bir milyard idi. İndi isə 20 milyarda yaxındır. Ona görə də bu 20 milyardın xərclənməsinə ciddi tələb irəli sürülməlidir».

Bu nəzarətin hansı quruma tapşırılmalı olduğuna gəlincə isə V.Əhmədov hesab edir ki, bu məsələ qanun qəbul olunan zaman müzakirə edilməlidir.

Oktay Haqverdiyev: «Hesablama Palatasının səlahiyyətlərini bir qədər də genişləndirmək lazımdır» 

İqtisadçı Oktay Haqverdiyev isə hesab edir ki, yaranmış problemli durumdan çıxmaq üçün konkret addımlar atmaq lazımdır: «Düşünürəm ki, Hesablama Palatasının səlahiyyətlərini bir qədər də genişləndirmək lazımdır. Məsələn, Rusiyanın təcrübəsinə müraciət edək. Bu ölkədə Hesablama Palatasına elə bir səlahiyyət verib ki, bu qurum araşdırma apararaq müəyyən qərarlar çıxara bilər. Azərbaycanda isə Hesablama Palatasının belə bir səlahiyyəti yoxdur. Azərbaycanda Hesablama Palatası adi audit təşkilatı rolunda çıxış edir».

Xəyal