Vəkil: Kəmalə Bənənyarlının səhhəti ağır olaraq qalır

Əsabəli Mustafayev mayın 12-də təcridxanada Bənənyarlı ilə görüşüb. O Tural Abbaslının cəza kamerasına salınması barədə xəbərləri təkzib edib

Hazırda inzibati həbsə məhkum edilənlərin Binəqədi müvəqqəti saxlama təcridxanasında saxlanan AXCP fəalı Kəmalə Bənənyarlının səhhəti ağır olaraq qalır. Bu barədə vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində bildirib.

 Onun sözlərinə görə işgəncələrə məruz qalmış Bənənyarlının başında  şişlər hələ də qalmaqdadır. Onun başı gicəllənir.

 Vəkil bildirib ki, həkimlərin K.Bənanyarlının yanına gəlməsi formal xarakter daşıyır və onun əsl vəziyyətini xəstəlik kitabında qeyd etmək istəmirlər.

 Mustafayev Bənənyarlının işgəncəyə məruz qalması ilə bağlı daxili araşdırma aparılması üçün müraciət edəcək və bunun nəticəsi olmazsa məhkəmədə iddia qaldıracaq.

 Vəkilin sözlərinə görə Bənənyarlının durumu ilə bağlı ombudsman aparatı və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi təcridxanada monitorinq aparıb.  

 Ə.Mustafayev Binəqədi təcridxanasında saxlanan Müsavat Partiyası sədrinin müşaviri Tural Abbaslının işgəncəyə məruz qalması və cəza kamerasına salınması ilə bağlı yayılan məlumatları təkzib edib. “Bunlar yalan məlumatlardır. Mən mayın 12-də Tural Abbaslı ilə görüşmüşəm. O mənə bu barədə heç nə deməyib”, o qeyd edib.