Saatlının Əliabad kəndindən şikayətçi məhkəməyə verilib
O, son bir ildə aldığı yardımı dövlətə qaytarmalıdır?!
Ünvanlı Sosial Yardımla(ÜSM) bağlı şikayətlər səngimək bilmir. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyinatından sonra Füzuli Ələkbərovdan miras qalan durumun düzələcəyini düşünənlər vardı. ÜSM alanların siyahısının nazirliyin saytına yerləşdirilməsi, bu yardımla bağlı şikayəti olanların nazirliyin “Qaynar xətt”inə müraciət etməsi və s. bu kimi addımların atılması adamlarda ümid yaratmışdı.
Ancaq vəziyyət dəyişmir, nə şikayətlərə baxan var, nə də imkanlıların niyə yardım almasını araşdıran.
Saatlıdan bu mövzuda bir neçə dəfə şikayət məktubları almışıq. ƏƏSM-in Saatlı rayon şöbəsinin keçmiş müdiri A.Məmmədovdan şikayətlərə onun özünün də cavabını dərc etmişik. Ancaq problem həllini tapmayıb. Vətəndaşların yuxarı dövlət orqanlarına korrupsiya faktları bərədə mütəmadi müraciətləri yenə köhnə qaydada cavablandırılır, şikayətlər şikayət olunana göndərilir, həm də məmurlar müdafiə olunur, şablon cavablar verilir: “Hər şey qanun çərçivəsindədir, sizin müraciətinizdə cinayət tərkibi yoxdur”…
Rayonun Əliabad kənd sakini Miriyev Seyran Taran oğlu hələ 2013-cü ilin fevralında ƏƏSM Saatlı rayon mərkəzinin müdiri A.Məmmədovun qanunsuz əməlləri – onun ailəsinə ayrılmış ünvanlı sosial yardımı mənimsəməsi, “Kapital Bank”ın plastik ödəniş kartını verməməsi haqqında hakimiyyət orqanlarına müraciət edib. Həmçinin “Kapital Bank”ın Saatlı rayon filialından 2009, 2010, 2011, 2012-ci illərdə ayrılmış vəsaitlərin hesabatını tələb edir. “Kapital Bank”ın Saatlı rayon filialının müdiri S.Zahidov kart üzrə əməliyyat çıxarışını təsdiqləyərək şikayətçiyə verir. Sənədə ötəri nəzər yetirdikdə məlum olur ki, vətəndaşın adından, statusundan (S.Miriyevin 4 övladı var) istifadə etməklə külli miqdarda dövlət vəsaiti mənimsənilib. Halbuki, ona 2009-cu ildə 6 ay 35AZN, 2010-cu ildə birdəfəlik 500AZN, 2011-ci ildə 600AZN, 2012-ci ildə isə 650AZN pulu mərkəzin müdiri A.Məmmədov öz əlilə verib. Yalnız 2013-cü il üçün vətəndaş plastik ödəniş kartını tələb edərkən “müqəddəs şərtlər” pozulur. Korrupsiyaya qarşı mübarizə baş idarəsinə edilən çoxsaylı müraciətləri “incələyən” bu idarənin müstəntiqi Aydın Nəsimiyevsə S.Miriyevə etdiyi şikayətdə heç bir cinayət tərkibi olmadığını bildirir. Görünür, Korrupsiyaya qarşı mübarizə baş idarəsi korrupsiya ilə məşğul olan harın məmurlara himayədarlıq etmək üçün fəaliyyət göstərir. Acınacaqlısı budur ki, naməlum telefonlardan S.Miriyevin qardaşı M.Miriyevə təhdid, hədə xarakterli zənglər gəlir. Ona açıq-aşkar bildirirlər ki, şikayət ərizənizi geri götürməsəniz sizin Respublika Olimpiya idman liseyində təhsil alan övladlarınızın başına “oyun” açarıq. Indi valideyn təşviş içindədir və o, MTN-ə övladları Orxan və Əlinin həyatının təhlükə qarşısında olmasıyla bağlı teleqram ünvanlayıb. Ancaq bu dövlət orqanında hələ də susmağa üstünlük verirlər?!.
Elə bu kəndin digər bir sakini Mübariz Qulam oğlu Ağayev də ünvanlı sosial yardıma ciddi ehtiyacı olanlardandır. 11 illik ağır xəstəlikdən sonra həyat yoldaşını itirən, anadan iki yetim övladı ilə yaşayış üçün heç də yararlı olmayan bir daxmada dolanışıq və güzəran dərdilə yollar arayır. Müraciət etmədiyi ünvan qalmayıb. Göndərdiyi məktublar quyuya atılan daş kimidir. Prezident Administrasiyasından Baş Prokurorluğa, Baş Prokurorluqdan ƏƏSM nazirliyinə, oradan da nazirliyin Dövlət Sosial Təminat Xidməti idarəsinə… xülasə, ancaq məktub ünvanına yetişmir! Əslində, məmurların saxtakarlıqlarına şəraiti rayon IH və onun yerlərdəki nümayəndələri yaradır. Çox vaxt vətəndaşın xəbəri olmadan onun adına ünvanlı sosial yardıma ehtiyacı olması haqqında arayış yazılır. Necə ki Əliabad kəndi üzrə nümayəndə M.Məmmədov kənd sakini Əliyev Əşrəf Adıgözəl oğlunun adına hələ 2008-ci ildə belə saxta sənədlər verib mərkəzə, (Ə.Əliyevsə ÜSY aldığını yalnız 2013-cü ilin əvvəllərində öyrənib) qardaşı A.Məmmədovsa həzmi-rabedən keçirib və təbii ki, qarşılıqlı maraqlarla.
Onun şikayətlərindən sonra ona yardım verilib, ancaq Əşrəf Əliyev şikayətlərini dayandırmadığına və əvvəlki illərdə adına yazılan, üzünü görmədiyi pulları tələb etdiyinə görə məmurlar taktikanı dəyişib. Bəlli olub ki… onun son bir ildə aldığı 1003,1 manat “qanunsuz” olub və o, həmin pulu dövlət büdcəsinə qaytarmalıdır. Rayon Sosial Müdafiə Mərkəzi Ə.Əliyevi məhkəməyə verib. Dünən hazırlıq iclası keçirilib və hakim pulun dövlət büdcəsinə ödənilməsini tələb edib.
Bu maraqlı məhkəmə prosesini diqqətdə saxlayacaq və baş verənlərdən sizi də xəbərdar edəcəyik.
Ilham Əliyev bir neçə il qabaq korrupsiyaya qarşı “mübarizə”ylə, Səlim Müslümov da ÜSY siyahılarını internetdə yerləşdirməklə əhalidə “narahatlıq” yaratdı… Nazirlik bir müddət bundan öncə ÜSY alanlara “verilmiş” plastik ödəniş kartların yeniləmək ideyasını ortaya atsa da, hələ də reallaşdırmır. Bəlkə də yuxarılarda gözləyirlər ki, “sağım” prosesi başa çatsın, “Inəklər” qurutsun?!.
Məktublar şöbəsi
P.S.Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.


