Türkiyə müharibə hazırlığına başlayır

Türkiyə müharibəyə hazır olmalıdır. Bunu Türkiyə prezidenti Abdullah Gül bəyan edib. Bu barədə çərşənbə axşamı “Milliyyət” qəzeti xəbər yayıb.

Dövlət başçısının sözlərinə görə, Türkiyə müharibə istəmir və Ankara regionda sabitliyin saxlanmasına çalışır, lakin buna baxmayaraq, ölkə müharibəyə hazır olmalıdır. 

A.Gül ölkənin Silahlı Qüvvələrinin gücləndiyini qeyd edərək bunun zərurət olduğunu bildirib.

Prezident habelə məhz Türkiyənin ilk dəfə yerli qırıcılar, yalnız bundan sonra yerli mülki təyyarələr istehsal etdiyini bildirib. (trend.az)

Bu arada “Hurriyet Daily News” qəzetinin verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da  “Əl-Qaidə”nin fəaliyyətinin Türkiyənin təhlükəsizliyini təhdid etdiyini deyib: “Keçmişdə Türkiyə “Əl-Qaidə”nin fəaliyyəti nəticəsində zərər çəkib. Hazırda müxtəlif qabaqlayıcı tədbirlər terrorçularla mübarizəyə yönəldilib”.

Onun sözlərinə görə, Suriyadakı terrorçu qruplaşmalar xarici həmkarları ilə ünsiyyət zamanı daim müzakirə mövzusu olub və əlavə edib ki, bir çox ölkələr ekstremizmlə mübarizəyə ruh yüksəkliyi ilə gəliblər.

Türkiyə prezidenti və xarici işlər nazirinin eyni vaxtda belə bir bəyanatla çıxış etməsi təsadüfidirmi? 

Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi təcavüz Türkiyənin də üzvü olduğu NATO-nun fəallaşmasına səbəb olub. Belə olan halda Türkiyə rəhbərliyinin belə bir bəyanatlarla çıxış etməsinin əsas səbəbi nədir?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə rəhbərliyinin müharibə hazırlığı ilə bağlı xəbərdarlığının Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olmadığını deyir. Çünki Rusiya ilə Türkiyə arasında münasibətlər normaldır. Baxmayaraq ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın Krımı işğalını pisləyir.

Ekspertin fikrincə, xəbərdarlıq məhz Suriyadan gələn təhlükəli ilə bağlıdır. Əgər Abdulla Gül və xarici işlər nazri Əhməd Davudoğlu eyni zamanda belə açıqlama veriblərsə, deməli onların əlində bu dəqiqə kəşfiyyat məlumatları var: «Görünür Suriyada bəzi terrorçu qruplar, o cümlədən «Əl-Qaidə» Türkiyə əleyhinə nəsə planlaşdırıblar. Bir dəfə Türkiyə belə bir hadisə ilə üzləşmişdi. Bir gündə İstanbulun müxtəlif yerlərində partlayışlar törədilmişdi. Xeyli insan qətlə yetirildi. Görünür Türkiyə rəsmilərinin əlində bu növ kəşfiyyat məlumatları var. İndidən əhalini xəbərdar edirlər ki, hazırlıqlı olsunlar». 

Fizzə