Nurəddin Məmmədli: «Fransa prezidentinin vətəndaş cəmiyyəti və müxalifət partiyalarının liderləri ilə görüşünü çox yüksək dəyərləndirmək lazımdır»
Leyla Yunus: «Ollanda deyilənlər təkcə Fransada deyil, Avropanın digər ölkələrində də müzakirə olunacaq»
Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri bir ilklə yadda qaldı. Belə ki, hakimiyyət təmsilçilərinin narazılığına baxmayaraq Olland müxalifət liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşüb. Xatırladaq ki, görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədrili, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus, “Turan” Infromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə Ismayıl iştirak edib. Ollanda çatdırılan məsələlərin də diqqətdən kənarda qalmayacağını demək olar.
Fransua Ollandın bu addımı Azərbaycana səfərə gələcək digər Avropa ölkələri rəhbərlərinə də bir nümunə ola bilər. Bu mənada görüşün baş tutmasına birmənalı olaraq müsbət qiymətləndirilir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, bu gün heç bir ölkədə xarici demokratik güclərin, o cümlədən Qərb dünyasının demokratik təsisatların yardımı olmadan despotik rejimlərə qalib gəlmək demək olar mümkünsüzdür. Uzun illər Qərb dünyasının, onun geniş spektrində təmsil olunan güclərinin Azərbaycan hakimiyyətinə lobbiçilik etməsi ölkədə Qərbə olan inamın sarsılmasına səbəb olurdu. Bu mənada Ollandın vətəndaş cəmiyyəti və müxalifət partiyalarının liderləri ilə görüşünü çox yüksək dəyərləndirmək lazımdır.
Bununla belə N.Məmmədli hesab edir ki, məsələni eyforiya səviyyəsinə qaldırıb üzərimizə düşən vəzifə və öhdəlikləri xarici güclərə yükləmək səhv addım olardı. Çünki əsas yük yenə də Azərbaycan xalqının çiynindədir: «Əgər öz üzərimizə düşən məsuliyyəti dərk edib ona adekvat olan addımları atmasaq, dünyanın heç bir gücü bizi bu rejimdən xilas edə bilməz. Çünki bu olduqca qəddar bir rejimdir, nə əxlaqla, nə mənəviyyatla, nə qanunlarla hesablaşmır. Belə bir şəraitdə beynəlxalq güclərin dəstəyi nə qədər vacib olsa da, bu yükü qaldırmalı olan məhz Azərbaycan xalqıdır. Bu prinsipi heç vaxt unutmamalıyıq».
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus görüş zamanı siyasi məhbuslarla bağlı situasiyaya dair deyilənlər diqqətdə saxlanılacağına ümid etdiyini bildirdi. Çünki Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edən ölkədə siyasi məhbuslar var və onlardan 40 nəfər vicdan məhbusudur. Bu, yolverilməzdir: «Bütün bunlar Ollandın diqqətinə çatdırıldı və məncə deyilənlər də eşidildi. Güman ki, bu məsələ təkcə Fransada müzakirə edilməyəcək, Həm də Avropa Şurasının digər ölkələrində də müzakirə olunacaq. Bu görüşün əsas nəticəsi də məhz budur».
Fizzə


