Dindarlarla «Azadlıq»ın məhkəmə çəkişməsi
Mayın 12-də Mingəçevir şəhər Məhkəməsində hakim Məhburə Kərimovanın sədrliyi ilə Mingəçevir şəhər “Heydər” məscidinin imam müavini Müşfiq Nəcəfovun “Azadlıq” qəzetinin bölgə müxbiri Azər Tağızadənin xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair məhkəmə hazırlıq iclası keçirilib.
Iddiaçı qəzetin 24 aprel 2014-cü il tarixli sayında dərc olunmuş “Mingəçevir – nur, yoxsa ”nurçu”lar şəhəri?” sərlövhəli yazıda haqqında söylənilən fikirlərin həqiqətə uyğun olmadığını, buna görə müəllifin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
A.Tağızadə öz çıxışında cinayət işinin başlanılması üçün heç bir əsas olmadığını bildirərək ittihamı absurd hesab edib. Müəllif yazıda, ümumiyyətlə, məhkəmə predmeti görmədiyini, bu məsələyə ən yaxşı halda Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan olan Mətbuat Şurasının ekspertlərinin baxmalı olduğunu söyləyib.
Ümumiyyətlə, prosesin gedişi sübut edib ki, Mingəçevir şəhər Məhkəməsinin praktikasındaÿqəzetlə hansısa qurumun çəkişməsi nümunəsi olmayıb. Hakim M.Kərimova tərəflərə növbəti məhkəmə prosesinədək kompromis variantlara əl atmağın mümkünlüyünü söyləyib. A.Tağızadə M.Nəcəfovun mövqeyini qəzetdə dərc olunmasını təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. M.Nəcəfovun “mənim təklifim müəllifin məndən üzr istəməsidir, bundan sonra işim ”Azadlıq” qəzetiylə olacaq” deməsi bu məsələdə xüsusi adamların maraqlı olmasından xəbər verir.
Hakim növbəti məhkəmə baxışını mayın 21-nə təyin edib.
Informasiya şöbəsi


