Iş adamı Hafiz Məmmədovun cangüdəni tərəfindən təhqir olunan Havanisə Abdullayevadan şok müraciət
Yasamal rayon sakini Havanisə Abdullayevə nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, iş adamı Hafiz Məmmədovla bağlı redaksiyamıza müraciət edib. Müraciəti ixtisarla təqdim edirik: “Mən ailə başçısını itirmiş köməksiz, tənha qadınam. Onun-bunun evində təmizlik işləri görməklə çətinliklə dolanıram.
Ailə vəziyyəti acınacaqlı olan bir qadınam. 17 ildən artıqdır ki, 2-ci qrup (ömürlük) əlil oğlumla birlikdə Bakı şəhərində kirayədə yaşayıram. Heç bir yerdən sosial yardım almıram, başqa heç bir yerdən heç bir köməyim yoxdur. Aylarla kirayə haqqına borclu qalıram.
Nəzərinizə çatdırıram ki, mən, Prezidentin şəxsi mühafizəsi Bəylər Eyyubovla 3 ay bundan əvvəl təsadüfən yolda görüşdüm. Yuxarıda qeyd etdiyim kimi, ailə vəziyyətimi ona da söylədim. O isə mənə rəsmi şəkildə ərizə yazmağı məsləhət gördü. O vaxtdan bəri Bəylər müəllimin özünü heç bir yerdə görə bilmirəm, yazdığım müraciətlərim də ünvanına çatmır. Bu il fevralın 22-də Bəylər müəllimin bacısının ərinin yas mərasimi olduğunu eşitdim. Bəylər müəllimi adi günlərdə görə bilmədiyim səbəbindən məcbur qaldım ki, belə bir mərasimdə məktubumu ona verim. Amma orada da onu görə bilməyib, evə qayıtmaq istədikdə, şəxsən tanıdığım iş adamı Hafiz Məmmədovun maşına tərəf gəldiyini görüb, sevindim. O maşına tərəf gələrkən bir neçə polis əməkdaşı ona yaxınlaşdı, o isə onlara paçka ilə pul verdi. Onun bu əliaçıqlığından mən də ürəklənib, düşündüm ki, 4 aydır kirayə haqqını ödəyə bilmirəm, yaxınlaşıb köməklik istəyim. Elə də oldu, yaxınlaşıb onunla görüşdüm. O isə öz növbəsində maşında qarşıda əyləşən, adını bilmədiyim, lakin üzdən tanıdığım uzunboylu cangüdəninə tapşırdı ki, – qadına köməklik et. Hafiz müəllim 10 AA 332 dövlət nömrə nişanlı qara pərdəli uzun maşına əyləşdi. Cangüdənin əlindəki pulu götürmək üçün maşına yaxınlaşıb əlimi uzatdım. O isə pulu mənə verdikdən sonra, maşının şüşəsini bağlayaraq əlimi möhkəm sıxdı. Mən qışqırmağa, yalvarmağa başladım ki, – şüşəni aşağı salın, əlimi çıxarım. O da dedi ki, pulu at, sonra. Mən əlimdəki pulu atdım, bundan sonra şüşəni aşağı çəkdi və məni təhqir elədi. Mən dedim ki, prezident hər zaman öz çıxışlarında deyib ki, imkansız insanlara iş adamları köməklik göstərməlidirlər. Bu dəfə də cangüdən mənə təhqirlə cavab verdi. Səhəri gün sıxıldığından əlimin üstündə damar partladığı üçün, əlim qap-qara olmuşdur, hal-hazırda da əlim ağrayır. Bunu Allah da götürməz.
Çox maraqlıdır, Hafiz müəllim mənə köməklik etmək istəmirdisə, bunu açıq deyərdi, mən tənha qadına bunu yaşatmağa nə haqları var??? Maşının yanındakı qışqırıqlarımı maşının arxasında oturan iş adamı necə olur ki, eşitmir???
Mən artıq öz vətənimdə bu haqsızlığa dözə bilmirəm, ordan-ora atılmaqdan, sovrulmaqdan bezmişəm. Dövlətimizdəki azğın məmurlar vətəndaşları elə bir vəziyyətə gətiriblər ki, erməni zülmündən xilas olub, evini-eşiyini atıb gələn qaçqınlar, məcburi köçkünlər belə, yenidən düşmən ölkədən sığınacaq istəmək məcburiyyətində qalıb, oraya qayıtmağa hazırdırlar, mən isə Ermənistandan sığınacaq istəmək fikrində deyiləm, son çıxış yolum budur ki, gecə-gündüz Prezident Aparatının qarşısından əl çəkməyib, ömürlük əlil övladımı anasız qoymaq da olsa, sonda özümü Prezidentin getdiyi maşının altına atım”


