Azərbaycanda nurçu ocaqlarının dağıdılması, onlaın həbsi, şəbəkə rəhbərlərinin sıxışdırılması yönündə əməliyyatlar səngiyib, “liderlərin ovu” durdurulub. Əməliyyatların ilkin mərhələsində adı nurçularla birgə çəkilənlərin çoxu əmin-arxayın işində-gücündədir. Nurçularla bağlı yalnız dövlətin əli çata bilən “şok faktlar” açıqlayan Eynulla Fətullayevin də başı Leyla və Arif Yunuslarla bağlı “şok gizlinlər” açıqlamağa qarışıb. Eynullaya baxanda adamın türmədə yatan demokratik fikirli jurnalistlərin, siyasilərin həbsdən azad olunmasını arzulamaması gəlir.
Nədənsə nurçulara qarşı hücumların birinci mərhələsində, indiki arada Azərbaycanda nurçuluğun nə zamandan yayıması, bu işdə kimlərin rolu olması barədə yazılar ortaya çıxmayıb. Odur ki, araşdırmaçılar üçün kiçicik yönətmə hazırladıq. Azərbaycanda nurçuluğun geniş və aşkar şəkildə yayılması eks prezident Heydər Əliyevin hakimiyyəti dönəmindən-90-cı illərin sonlarından başlayır. O dövrdə, əlbəttə przidentin icazəsilə dini missiyalı hökumətdən kənar qurumların dövlət qeydiyyatına alınmasına, onların təbliğinə, bununla da fəaliyyətinin genişlənməsinə şərait yaradılıb. Bu təbliğatın başında öncəliklə dövlət televiziyası – AzTV dayanıb. Azərbaycanda o zamanlar Fətullah Gülənin olduğu gizli saxlanan təhsil ocaqlarının üstünlüyü, qurumların üst fəaliyyəti olan xeyriyyə aksiyaları məhz AzTV-də işıqlandırılıb. Təbliğat AzTV-dən başlayıb. Yüksək təhsil və xeyriyyə aksiyaları nurçuluğun təbliğində əsas faktorlar, bir növ insanları cəlb etmək üçün tələ rolunu oynayıb. Çünki türk liseylərinə ciddi axın vardı, imkanlı ailələrin uşaqları bu məktəbdə təhsil alırdı. Azərbaycanda hər zaman imkanlıların uşaqları vəzifələrə irəli çəkildiyindən dövlət qulluğunda olan gənclərin çoxu məhz bu məktəblərin yetirmələridir. Məsələn, Gəncliyə Yardım Fondu hər il minlərlə uşağı pulsuz sünnət etdirir, bunu çəkdirib AzTV-də görsətdirirdi. O uşaqlar indi 20-30 yaş arasındadırlar. Əksəriyyəti o illərdən dini qurumların təsiri altına düşüb. Nurçuların Azərbaycanda dərin kök salmasına səbəb olan iki əsas amil var: çətin şəraitdə yaşayan insanların ələ alınması və daha yüksək təhsil verilməsi. 90-cı illərin sonlarında ölkəiçi problemlərin çoxluğu Azərbaycana dini təsirlərin artmasına səbəb olub. Ətrafımızda sürətlə çoxalan başı bağlı xanımların əksəriyyəti axtarsan türk təhsil ocaqları, dini yönümlü qurumlarla əlaqəsi olanlardır.
Bir sözlə, nurçuluğun ən böyük təbliğatçısı AzTV-dir. Və bunun başlanğıc dönəmi keçmiş deputat, ədəbiyyatçı alim Nizami Xudiyevin sədrliyi dövrünə düşür. 2000-ci illərin başlanğıcında Xudiyevin göstərişi ilə Azərbaycan dövlət radiosunda “Nurdan damlalar” adlı musiqili, bədii-ədəbi veriliş hazırlanıb. Verilişin ideya müəllifi və məsləhətçisi Nizami Xudiyev və onun oğlu, aparıcısı Şəfəq Əlixanova idi. “Nurdan damlalar” bir neçə il Səid Nursinin və Fətullah Gülənin əsərlərinin, fikirlərinin təbliğatçısı olub. Bu verilişlər radionun arxivində qalır, MTN tədqiqatçıları araşdıra bilərlər (bu yazı çap olunan kimi nurçularla bağlı arxivi yox etmək göstərişi verilməsə).
On ilə yaxın AzTV-də nurçulara gen-bol yer ayrılsa da, 2000-2005-ci illərdə bu fəaliyyət daha da genişlənib. Həmin illərdə dövlət televiziyasının Uşaq verilişləri baş redaksiyasında “Yol verin dünyamız ”NUR”a boyansın” adlı veriliş hazırlanıb. Verilişin adına diqqət yetirin; dünyamız “NUR”a boyansın. Özü də uşaqlar üçün veriliş. Nurçuluğun təbliği birbaşa uşaqlara yönəlikdir. O uşaqların indi 25-30 -35 yaşları var. Bu verilişin yaranmasında da Nizami Xudiyevin, o zamanlar uşaq redaksiyasının baş redaktoru olmuş, Azərbaycan dövləti üçün heç bir xidmətləri olmayan, hazırda ayda 1500 manat prezident təqaüdü alan Kamran Ibrahimovun ayrıca rolu olub. Bu rol bağlılığı Fətullah Gülənə gedib çıxan qurumlarla yaxınlıq və xidmət, eyni zamanda onların sponsorluğundan qazanc əldə etməkdən ibarətdir. Ayda bir dəfə efirə çıxan bu verilişin aparıcısı o çağların məktəblisi, az sonra Iqtisad universitetinin tələbəsi, ictimai fəal Sevinc Məsiyeva idi. Sevinc Məsiyeva hazırda Sevinc Muradovadır. 2005-ci ildən deputat Fuad Muradovun həyat yoldaşı. Hələlik onların heç birinin adı nurçuluqda hallanmır. Hələlik. Amma bəzi xatırlatmanın yeri var: Fuad Muradov 1999-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub.ÿ 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi, 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.ÿ2005-ci ildən Ictimai Televiziya və Radio Yayım Şurasının üzvüdür.
2011-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yaranmasının 15 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirib. Hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir. 70 təşkilat böyük qüvvədir. Tədbirdə Milli Şuranın sədri, millət vəkili Fuad Muradov çıxış edərək bildirib ki, Gənclər Təşkilatları Milli Şurasının 15 illik fəaliyyətinin Azərbaycan cəmiyyətində xüsusi rolu var. F. Muradov bu illər ərzində Milli Şuranı dəstəkləyən və işləyən qurumlara təşəkkür edib. Baş Nazirin müavini Əli Həsənov və Gənclər və Idman naziri Azad Rəhimov çıxış edərək Milli Şuranın fəaliyyətini tənzimləyən gənclərin arasından ölkəmiz üçün dəyərli siyasi liderlər yetişdiyini, Milli Şura üzvlərinin dövlət qurumlarında, parlamentdə və digər yerlərdə təmsil olunduqlarını deyiblər. Həmin o tədbirdə Milli Şuranın fəaliyyəti dövründə daim gənclərlə birlikdə olduqlarına görə Milli Şuranın sədrləri – Intiqam Babayev, Azay Quliyev, Əkrəm Abdullayev, Milli Şuranın Baş katibləri – Elnur Aslanov, Fərhad Hacıyev, Ceyhun Osmanlı, Nicat Məmmədli, Milli Şuranın Məclis sədrləri – Elçin Əsgərov, Gülər Əhmədova, Sevinc Məsiyeva, Milli Şuranın digər seçkili strukturlarında təmsil olunan Vüqar Yaqubov, Məzahir Əfəndiyev, Eldar Aslanov, Faiq Qürbətov mükafatla təltif ediliblər. Son zamanlar nurçularla bağlı hallanan tanış adlardır. Bu adları təkrar oxuyun və yadda saxlayın. Gərək olar.
A. Türkoğlu


