Azərbaycanın Qırğızıstandakı diasporu adından modern.az saytına bir azərbaycanlı qızın aldadılaraq bu ölkəyə aparıldığını əks elətdirən məktub göndərilib. “Qafqazinfo” sözügedən materialı təqdim edir:
Redaksiyamıza daxil olan məktubda hazırda Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi olan Osmanova Röya Nurəddin qızının üzləşdiyi xoşagəlməz hadisədən bəhs edilib.
Eyni zamanda Röya Osmanovanın özünün Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucova ünvanladığı şikayət məktubu da saytımıza ünvanlanıb.
Həmin məktubda R.osmanova bildirib ki, o, 2010-cu ildə Rusiyanın Krasnodor şəhərində təhsil alırmış. Həmin müddətdə Facebook sosial şəbəkəsində Qırğızıstanda yaşayan Nüsrət Məmmədov adlı bir azərbaycanlı tanış olur və onun təkidi ilə təhsilini bu ölkədə davam etdirmək qərarı verir.
R.Osmanovanın bildirdiyinə görə, N. Məmmədov ona şirin vədlər verməklə tora salıb. Belə ki, o, Röyanı Qırğızıstan Dövlət Universitetinə düzəldəcəyinə, bütün ödənişlərinin dövlət tərəfindən ödəniləcəyinə əmin edib.
R.Osmanova səfirliyə göndərdiyi məktubda qeyd edib ki, Nüsrət Məmmədov özünü ona Heydər Əliyev Fondunun prezidenti kimi qələmə verib. Bu tanışlığa qızın ailəsində də seviniblər. Nüsrət Məmmədova inanaraq Qırğızıstana təhsil almağa gedən Röya burada tamam başqa mənzərə ilə qarşılaşdığını və ona yalançı vədlər verildiyini, həmin şəxsin tamamilə başqa məqsəd güddüyünü vurğulayıb. R.Osmanova qeyd edir ki, 2012-ci ildə sənədlərini Krasnodardan götürərək, Qırğızıstana gedib:
“…ağlıma gəlməzdi ki, o insanın mənə qarşı fikirləri tamam başqadır… 2012-ci ilin oktyabrın 3-də Qırğızıstana gəldim. Nüsrət Məmmədov məni dostu ilə (X5 maşınla) aeroportda qarşıladı və mehmanxanaya apardı. Hətta mənimlə belə, qalmaq istədiyini təklif etdi, guya qorxmayım deyə. Mən rədd etdim….”.
R.Osmanova bildidib ki, o, Qırğızıstanda ali məktəbə daxil ola bilsə də, çətin vəziyyətə düşüb, bundan istifadə edən N.Məmmədov isə ondan əl çəkmək istəməyib.
”…Ailəmin imkansız olduğunu, mənim özbaşıma olduğumu fikirləşib “səni saxlayacağam sevgili kimi”, “sənə iş tapacağam”, “Heydər Əliyev parkı almışam, səni orada şef qoyacağam, hər şəraitini təmin edəcəyəm”, “hətta maşınımın o birini də sənə verəcəyəm, özün sürüb dərsə gedib-gələcəksən” kimi təklifləri oldu. Hətta bir şəkili dostuna məni sevgilisi kimi tanıtdı” deyə tələbə qızın məktubda qeyd edilib.
Röya Osmanova həmçinin məktubda Nüsrət Məmmədovun onunla ünsiyyət zamanı Azərbaycan xalqını alçaldan sözlər işlətdiyini vurğulayıb. Qeyd edib ki. N.Məmmədovla söhbətlərinin bəzi məqamlarını gizl olaraq lent yazısına köçürə bilib.
“Bir insan ki, azəri qızını aldadaraq gətirib şəxsi, çirkin məqsədləri üçün istifadə etməyi güdən, hətta maşında qırğızların bayrağını asan (soruşdum, necə vətənpərvərsiniz ki, bizim bayrağımız yoxdur. Dedi “var, baqajda olmalıdır. Qırğızlar kimi yaxşı millət yoxdur. Azərilər isə ən … (təhqir-red.) millətdir) şəxsdən nə gözləmək olardı… Azərbaycanı, prezidentin səlahiyyətli nümayəndəsini küçə söyüşləri ilə təhqir edən (Arif Ağayevin (keçmiş səfir-red.) torbasını tikdim, indi bunu (səfir Hidayət Orucovu-red.) da hardan gəlib oraya göndərəcəyəm. Göndərməsəm mənə Nüsrət Məmmədov deməsinlər) necə vətənpərvər, millətini sevən ola bilər axı?!”.
Röyanın məktubunda N.Məmmədovun diaspor təşkilatının sədri kimi Azərbaycan prezidenti İlham Əliyevdən “Tərəqqi” medalı aldığı da qeyd olunub.
Modern.az saytı məsələ ilə bağlı Röya Osmanovanın özünün telefon nömrəsini taparaq, onunla əlaqə yarada bilib. N.Məmmədovun köməyi ilə Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına köçürüldüyünü inkar etməyən Röya Osmanova Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucova 16.07.2013-cü il tarixində məktub yazdığını və xoşagəlməz hadisələrlə qarşılaşdığını təsdiqləyib.
Röya Osmanova Modern.az-a açıqlamasında onu da bildirib ki, hazırda Bakıdadır və həmin məktubu səfirliyə yazandan bir gün sonra diplomatik korpusun köməyi ilə Azərbaycana qayıdıb. O, baş verən hadisələri məktubda ətraflı yazdığını və əlində səs yazılarının olduğunu da qeyd edib.
“Yəni mən heç kimə yalan danışmıram. Bu səs yazılarına səfirliyin işçiləri də qulaq asıblar. Sadəcə məni ora aldadıb aparıblar. Krasnodorda universitetin II kursunu bitirən zaman Nüsrət Məmmədovla tanış oldum. O özünü Heydər Əliyev Fondunun prezidenti kimi təqim etdi. Bütün qeydlərində belədir, hətta email adresi fond-aliyev@mail.ru-dur. Mənə dövlət xəttilə, ödənişsiz oxuyacağım vədi verdi”.
Qırğızıstanda oxumaq istəməyinin səbəbini Röya Krasnodarda təhsilinin qiyabi olması və yaxşı təhsil verilməməsiylə əlaqələndirib.
“O adamın yalan vədlərinə inandım, getdim. Qırğızıstanda oxuduğum bir il ərzində valideyinlərim və qohumlarım kömək oldu, pul göndərdilər. Nüsrət Məmmədovun mənə bir sıra “təklifləri” olmuşdu, onlara rədd cavabı verəndən sonra əlaqə saxlamadı və orada tək qalmışdım. Evə də deyə bilmirdim. Universitetə düzəlməyimə kömək etdi, amma bunun arxasında başqa məqsədi varmış, məni aldatdı. “Təkliflərini” rədd edəndən sonra ondan daha kömək istəmədim”.
Səfirliyə əvvəllər müraciət etdiyini deyən Röya orada da N.Məmmədovun adamlarının olduğunu və ona köməklik göstərmədiklərini bildirib.
“Səfirliyə məktub yazmalı idim. Çünki mən onlara başıma gələnləri deyəndə söylədilər ki, bu barədə məktub formasında ərizə yazmalıyam. Sonra mənə bilet aldılar və Bakıya qayıtdım”.
ASAİF Gənclər Təşkilatının üzvü olduğunu deyən Röya Osmanova təhsilini davam etdirmək üçün sentyabrda yenidən Qırğızıstan paytaxtı Bişkekə gedəcəyini bildirib.


