İş adamı Abdulla Abdullayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatət təmin olunmayıb. Bunu mayın 12-də “Media forum” saytına Abdulla Abdullayevin vəkili Əkbər Bağırov deyib. Vəkil bildirib ki, vəsatətə mayın 6-da baxılıb: “Müdafiə tərəfi olaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət vermişdik. Binəqədi Rayon Məhkəməsi vəsatəti təmin etmədi. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatət təmin olunmadığı üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyik”.
Vəkilin sözlərinə görə, onun əsas məqsədi Abdulla Abdullayevin təqsirsizliyini sübut etməkdir: “Abdulla Abdullayevə irəli sürülmüş ittihamları rədd edirik. Onun həbsi hər cəhətdən qanunsuzdur. Çünki Abdulla Abdullayev özü Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gəlib, onun istintaqa çağırılması üçün çağırış vərəqəsi göndərilməsi barədə deyilənlər belə əsassızdır. Biz bununla bağlı istintaqa dəfələrlə vəsatət versək də, vəsatətimiz rədd edilib. İstintaq tərəfi məhkəməyə dəlil də təqdim edə bilmir. Abdulla Abdullayev istintaqdan qaçıb gizlənməyib, heç bir şahidə, zərərçəkmişə təzyiq göstərməyib.
O, həbsdə qanunsuz saxlanır, onun azadlığa buraxılması istintaqın işinə heç bir maneə törədə bilməz, əksinə, işin gedişinə daha ciddi kömək edə bilər. Abdulla Abdullayevin işində cinayət tərkibi yoxdur, o heç bir dövlət əmlakını mənimsəməyib, mülkü ələ keçirməyib. Bu işlərin hamısı mülki xarakterli işdir. Bizim istəyimiz odur ki, əsassız, qanunsuz həbsi aradan qaldıraq, heç olmasa Abdulla Abdullayev istintaq müddətində ev dustaqlığında olub, öz təqsirsizliyini sübuta yetirə bilsin. Əslində təqsirsizlik-təqsirlilik məsələsini istintaq orqanı sübut etməlidir. Sadəcə olaraq elə bir vəziyyətə düşmüşük ki, məcburuq təqsirsizlik məsələsini özümüz sübut edək. Abdulla Abdullayev və mən çox ümid edirik ki, bu işlər ölkədəki müdafiə vasitələri ilə həll olunacaq. Əgər daxili məhkəmələrdə bu, həll olunmasa, o zaman biz Avropa Məhkəməsinə müraciət edəcəyik”.
Vəkil iş adamı ilə mütəmadi əlaqə yaratdığını söyləyib: “Ötən həftə onunla görüşmüşəm. Səhhəti yaxşıdır, saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur. Sadəcə olaraq qanunsuz həbsindən, əsassız olaraq ona irəli sürülmüş ittihamlardan narahatdır”.
Əkbər Bağırov əlavə edib ki, bəzi mətbuat orqanlarında Abdulla Abdullayevin pul qarşılığında azadlığa buraxılacağı barədə gedən xəbərlər yanlışdır, belə bir hal yoxdur. Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.


