Rumıniya nüvə bombardmançısı hədəsinə görə Rusiyaya nota verdi

Rumıniya Xarici İşlər Naziri Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin bu ölkəni strateji nüvə bombardmançısı ilə təhdid etməsinə cavab olaraq rəsmi Moskvaya nota verib.
 
Virtualaz.org saytı Qərb mənbələrinə istinadən xəbər verir ki, rəsmi Buxarest Roqozinin bu bəyanatına cavab olaraq Rusiyadan izahat istəyir.
 
“Cənab Rogozin-in qeydləri Rusiya Federasiyasının Avropa İttiifaqı və NATO-nun üzvü olan Rumıniyaya rəsmi münasibətini əks etdirirmi?” – deyə Rumıniyanın Xarici İşlər Nazirliyinin notasında sual edilir.
 
Buxarest bildirib ki, “onun qənaətinə görə, hazırkı regional kontekstdə Rusiya baş naziri müavinin strateji bombardmançı təyyarədən istifadə barədə dedikləri çox ağır bəyanatdır”.
 
Notada vurğulanır ki, Rusiya Ukraynanın suverenliyini pozub və bu ölkədəki ruisyapərəst separatçılar qarışıqlıq yaradırlar. Rumıniya bir daha yada salıb ki, o, Rusiyaya qarşı Avropa sanksiyalarına riayət edir.
 
Xəbər verdiyimiz kimi, Roqozin Moldovanın separatçı Dnestryanı bölgəsindən qayıdarkən Rumıniyanın və Ukraynanın onun təyyarəsinə hava sahəsini bağlamasına cavab olaraq Twitterdə belə yazmışdı: “ABŞ-ın tələbi ilə Rumıniya bizim təyyarənin hava məkanını bağlayıb. Ukrayna hələ də buraxmır. Gələn dəfə Tu-160 ilə uçacağam".
 
TU-160 Rusiya hərbi hava qüvvələrinin nüvə silahı daşıyan yüksək sürətli strateji bombardıman təyyarəsidir. NATO-da bu təyyarə "Blackjack" adını alıb.