«Ukraynadakı referendum Putinin çöküşünü sürətləndirəcək»

Vəfa Quluzadə: «Rusiyanın Qərblə başlatdığı qarşıdurma Rusiyanın tam məğlubiyyəti ilə bitəcək» 

Dünən Rusiyanın planına uyğun olaraq Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində özünütəyin haqqında referendum keçirildi. Referendum aprel ayında qondarma Donetsk xalq respublikası və Luqansk xalq respublikasının elan edilməsi ilə əlaqədar keçirilib. Bir çox ekspertlərin fikrincə, Rusiya Ukraynanın şərqində atdığı addımlarla kifayətlənməyəcək. Kiyev hakimiyyətinin isə əksər hallarda gec qərarları situasiyanın sonda Ukraynanın ərazi bütövlüyünün xeyrinə yekunlaşacağı fikrini az inandırıcı edir.

Politoloq Vəfa Quluzadənin fikrincə,  ukraynada baş verənlər birmənalı şəkildə Putinin ssenarisi üzrə gedir. Bu ssenarinin ilkin mərhələsi əgər Krımı açıq formada Rusiyaya birləşdirmək idisə, növbəti mərhələlər də Ukraynanın digər ərazilərini Abxaziya və Osetiyanın durumuna salmaqdır: «Rusiya bəyan edir ki, Krım həmişə Rusiyanın və sovet imperiyasının bir hissəsi olub. Ona görə də Rusiya Qara dənizdə mövqelərini itirməmək üçün özünün tarixi ərazisini qaytarır. Rusiya bu ideoloji əsasdan çıxış etməyə çalışır. Amma bu əsas heç bir tənqidə tab gətirmir. Krım Ukraynanın tərkib hissəsidir. Müstəqil dövlətin ərazisini rusiya əsgəri yol ilə özünə birləşdirib. Şərqdə baş verənlər isə bir qədər fərqli yanaşma tələb edir. Buranı Rusiya rus dilli əhaliyə dəstək pərdəsi altında işğal edir. Rusiya Ukrayna hakimiyyətinin əleyhinə həm ölkə daxilində, həm də xaricdə güclü təbliğat aparır. Rusiya Ukraynanın şərqində əsgərlərini yerləşdirərək konfiliktə nəzarət edir». 

Hadisələrin sonrakı gedişinə  gəlincə V.Quluzadə hesab edir ki, Donetsk və Luqansk vilayətləri öz müstəqilliklərini elan edəcəklər. Daha sonra isə Rusiya onların müstəqilliklərini tanıyaraq, özünə birləşdirəcək. Politoloqun qənaətincə, bu bir tərəfdən Rusiyanın qələbəsi kimi görünsə də reallıqda Rusiya öüzünü məhvə aparır: «Rusiya Krımla yanaşı Donetsk və Luqansk vilayətlərinin problemlərini çözmək məcburiyyətindədir. Bütün bu ərazilər Rusiyaya bir yükdür. Amma Rusiya bu ərazinin problemlərini həll etməkdən imtina da edə bilər. Çünki Rusiya bir imperiyadır və onu xalqların problemləri düşündürmür».

Artıq tarixdə yeni bir mərhələnin başlandığını deyən V.Quluzadə bildirdi ki, qərblə Rusiya yeni qarşıdurmaya qədəm qoyur. Bu qarşıdurmanın Rusiyanın tam məğlubiyyəti ilə bitəcəyini düşünən V.Quluzadə hesab edir ki, rusiyanın yürütdüyü siyasət uğurla bitə bilməz: «Ölkənin ideologiyası yoxdur. Rus imperiyasını bərpa etmək Putin hakimiyyətini xilas edə bilməz. Qərbin dəyərlərinin qarşısında Rusiya tab gətirə bilməz. Qərb Ukraynaya maddi dəstəyini davam etdirəcək və bir müddət sonra qərbi Ukrayna sürətlə inkişaf etməyə başlayacaq. Bu zaman şərqi Ukrayna artıq Rusiyanın buxovlarından qurtararaq, qərbə birləşməyə can atacaq».

Xəyal