Kəmalə Bənənyarlının vəziyyəti yaxşı deyil

Qardaşı ilə görüşən AXCP üzvü ağrılardan əziyyət çəkdiyini deyib

Paytaxt polisinin Binəqədidəki məntəqəsində inzibati cəza çəkən AXCP üzvü Kəmalə Bənənyarlı mayın 8-də qardaşı Yunus Əliyevlə görüşüb. 

Saxlanma şəraitindən narazıılıq etməyən K.Bənənyarlının Nəsimi rayon polis idarəsində məruz qaldığı işgəncələr səbəbindən səhhətində ciddi problemlər yaranıb. Qardaşının «azadlıq.info»ya verdiyi məlumata görə, K.Bənənyarlının başında şiş və ağrıları var, həmçinin ürəkbulanmasından əziyyət çəkir. Y.Əliyevin sözlərinə görə, bacısının işgəncələrə məruz qoyan polislər ondan AXCP sədri Əli Kərimliyə qarşı izahat almaq istəyiblər. Lakin buna nail ola bilməyiblər. 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov da mayın 9-da Binəqədi təcridxanasında olaraq, NİDA-çıların son məhkəmə günündə həbs edilən fəallara, o cümlədən Kəmalə Bənənyarlıya baş çəkiblər.
Elçin Behbudov “musavat.com”a bildirib ki, Kəmalə Bənənyarlı ona üzləşdiyi işgəncələrdən danışıb. “Təəssüf edirəm ki, onu yoxlayan həkim aldığı xəsarətlər barədə arayışı tam səhv yazıb. Görünən odur ki, Kəmalə xanıma verilən işgəncələr sübuta yetirilib. Hazırda vəziyyəti ürəkaçan deyil. Bu barədə aidiyyatı orqanlara məlumat verəcəm. Tez-tez təcridxanaya gedib, onlarla görüşəcəm”, – deyə Behbudov bildirib.

Vüqar Məhərrəmov da Kəmalə Bənənyarlının vəziyyəti ilə yaxından maraqlandığını deyib: “Kəmalə xanımla ciddi maraqlandım. Onun işgəncələrə məruz qalması ilə bağlı bizə etdiyi müraciəti dərindən araşdırıb, prokurorluğa müraciət edəcəyik. Təcridxana rəhbərliyi ilə də görüşdüm. Görüş üçün 15 günlük vaxtın azaldılması, telefon danışığının tez-tez olması üçün əlimizdən gələni edirik. Bayramla əlaqədar iş günü olmadığına görə, indi gedə bilmirik. Bayramdan sonra yenə onlara baş çəkəcəyik”. 

Qeyd edək ki, Kəmalə Bənənyarlı mayın 6-da Bakıda lokal etiraz aksiyasında tutulub. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib.

azadlıq.info