İranlı deputatın çıxışı parlamenti coşdurdu

Dekabrın 29-da İran parlamentində çıxış edən deputat Əli Mütəhhəri İran müxalifətinin 3 ildir ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən söz açıb.
“Media forum” saytı xəbər verir ki, Əli Mütəhhəri rəsmilərin, o sıradan da İran Məhkəmə Sistemi rəisinin məhbus müxalifət liderlərinə və 2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə etirazlara görə tutulub zindana salınanlara qarşı bəyanatlarını qınayıb: “2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə etirazlarda həbsə salınan siyasi məhbuslara qarşı çıxarılan ağır və ədalətsiz hökmlər qəbuledilməzdir. Nə qədər ki tərəflərdən biri öz sözünü deməkdən, özünü müdafiə etmək hüququndan məhrum edilir, digər tərəf isə ona qarşı istədiyi böhtan və ittihamları yağdırır bu böhran öz həllini tapmayacaq.
İran Məhkəmə Sisteminin rəisi üzdəniraq “fitnə” haqqında şüar vermək əvəzinə problemin həllinə çalışmalıdır. Problemin həlli isə bu qurumun müxtəlif təhlükəsizlik orqanlarından təsir və göstəriş almasından yox, onun müstəqil olmasından asılıdır.  Məsələnin həllini də mən, Musəvi, Kərrubi və keçmiş prezident Mahmud Əhmədinejadın eyni vaxtda məhkəməsinin keçirilməsində görürəm”.
Deputatın çıxışında səsləndirdiyi bəyanatlara etiraz bildirən İran parlamentinin bir sıra deputatları Əli Mütəhhəriyə qarşı “Fitnəçiyə ölüm” şüarı səsləndiriblər.