İş adamının qətlə yetirən şəriki vəkilindən imtina etdi

Bakı Apelyasiya Məhkəməsində dünən iş adamı Əflatun Piriyevin sifarişli qətli ilə bağlı məhkəmə hazırlıq prosesi olmalı idi. Ancaq həbs olunanlardan bir neçəsinin vəkili məhkəməyə gəlmədiyi üçün proses təxirə salındı. Baxmayaraq ki, əksər məhbus, zərərçəkənlər prosesin başlanmasının tərəfdarı idi. 

Piriyevlərin hüquqlarını qoruyan vəkil Aslan İsmayılov dedi ki, təqsirləndirilən şəxslər etiraz etmirsə hazırlıq iclası olsun.

Hakim bir-bir hamıdan hazırlıq iclasın başlayıb-başlamamasını soruşdu. Təqsirləndirilən Şamilovlar qardaşları buna etiraz etmədilər. Hümbət Məmmədovun bir vəkili prosesə gəlməsə də o birinin zalda olduğunu əsas gətirərək o da narazılığını ifadə etmədi. Yalnız Vüsal Qurbanovun vəkilinin iştirakıyla prosesin davam etməsini xahiş etdi. 

Məhkəmə yerindəcə müşavirə keçirərək hazırlıq iclasını yanvarın 8-də vəkillərin iştirakıyla başlamasını élan etdi. Bu qərar etiraza səbəb oldu.

Onlar məhkəmənin uzadılmasına etiraz etdilər və bildirdilər ki, məhkəmə bilərəkdən uzadılır və bu kimlərəsə sərf edir. 

Aslan İsmayılov “Azadlıq”a məhkəmənin yubadılmasını şərh etdi: “Hazırlıq iclasını vəkilsiz də ötüşmək olar. Sadəcə prosesin yubanmasında həbs olunanların bəziləri maraqlıdır. Bundan öncə Apelyasiya Məhkəməsində Hümbət Məmmədov işlə tanış olmaq üçün qaytarılmasını istədi. Ancaq orada işlə heç kim tanış olmadı”.

Proses zamanı maraqlı bir məqamda üzə çıxdı. Məlum oldu ki, Əflatun Piriyevin qətlini sifariş verən şəriki Hümbət Məmmədov Bakı Ağır Cinayətlər məhkəməsində onun hüquqlarını qoruyan vəkil Ramiz Zeynalovdan imtina edib.

Xatırladaq ki, Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşları hər biri isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, Hümbət Məmmədov vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. 

Ramin DEKO