9 noyabr Dövlət Bayrağı günüdür
Bakı şəhərinin Bayıl sahəsində yerləşən Dövlət Bayrağı Meydanının açılışından üç il ötsə də, bu meydan hələ də qapalı saxlanılır, bura sərbəst şəkildə daxil olmağa icazə verilmir. Meydanın mühafizə zolağına yaxınlaşdıqda özünü sanki qədim Misirin ehramları qarşısında hiss edirsən. Ikitəkərli xüsusi minik vasitələrilə (skuterlərlə) meydanboyu sürətlə və şəstlə şütüyən mühafizəçilər də adama fironlar Misirinin mistik keşikçilərini xatırladır. Bir sözlə, buranın aurasında üçrəngli bayrağımızın ruh halımızı yüksəldəcək ovqatı yox, adamda xof yaradacaq hərbi-inzibati mühit hökm sürür.
Hazırda bu meydana əsasən rəsmi tədbirlər zamanı dövlət təşkilatlarının nümayəndələri buraxılır. Hətta bu halda da həmin şəxslərin adları əvvəlcədən siyahı şəklində meydanın mühafizə xidmətinə təqdim edilməlidir. Bundan başqa, meydana daxil olarkən şəxsiyyətini təsdiq edən sənəd tələb olunur.
Görəsən, bu meydan niyə belə sərtliklə mühafizə olunur? Bu meydan niyə xalqın üzünə açıq deyil?
Təbii ki, meydanda yerləşən Bayraq muzeyi də qapalı saxlanılır. Düzdür, Bayraq günü münasibətilə Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsi burada bayram tədbiri keçirir, uşaqlar və gənclər arasında rəsm və foto müsabiqəsinin qaliblərini mükafatlandırır. Ötən il isə ilk dəfə bayram konserti də təşkil edilib. Lakin bu tədbirlərin hamı üçün açıq olduğunu düşünmürsən, çünki geniş ictimaiyyətin, kütlələrin bundan xəbəri olmur.
Məsələn, hər bir vətəndaş heç olmasa Bayraq günündə öz ailə üzvlərilə azad bir şəkildə Bayraq meydanına və Bayraq muzeyinə daxil ola bilərmi? Adi günləri soruşmuruq…
Bayraq meydanından “Kristal holl”a gözəl bir panoram açılır ki, sıravi vətəndaşlar hətta onu da yaxından seyr etməkdən məhrumdurlar. Elə isə bu tikililərə sərf olunan yüz milyonlarla manat kimin üçündür? Yaxud, bu tikililər kimdən və niyə qorunur? Azərbaycanda “davamlı sabitlik və əmin-amanlıq” bərqərar olunubsa, onda hakimiyyət nədən ehtiyat edir?
Yeri gəlmişkən, Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin yaradılması haqqında dövlət başçısının fərmanında vurğulanır ki, Dövlət Bayrağı Meydanı ölkəmizin qüdrətini, xalqımızın dövlət atributlarına ehtiramını təcəssüm etdirir. Ancaq faktiki olaraq meydanda daha çox “hakimiyyətin qüdrəti” aşılanır; “xalqımızın dövlət atributlarına ehtiramını təcəssüm etdirən” meydandan isə xalq təcriddə saxlanılır.
Heç zəhmli sovet rejimində Qızıl meydan belə qapalı olmayıb. Maraqlıdır ki, Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsi hətta bu ilin sentyabrında tələbələr arasında elan etdiyi “Bayrağımız qürur mənbəyimizidir” adlı foto müsabiqəsində iştirak etmək arzusunda olanların da Bayraq meydanına daxil olmasına məhdudiyyət qoyub. Daha doğrusu, idarənin elanında belə deyilib: “Tələbələr əgər fotoşəkli Dövlət Bayrağı Meydanında çəkmək istəyərlərsə, oktyabrın 10-na qədər dbm.flag@gov.az ünvanına şəxsiyyəti təsdiq edən sənədin fotosurətini və əlaqə telefonunu göndərməlidirlər. Çəkilişin aparılacağı gün və vaxt barədə məlumat veriləcək”.
***
Bayraq meydanından, Bayraq muzeyindən söhbət açasan, ancaq burada bayraq anlayışına münasibətin nə yerdə olduğuna toxunmayasan?!
Əvvəla, bura ziyarətçilər gələndə, onlara ilk növbədə, meydanın və muzeyin Azərbaycan prezidenti Ilham Əliyevin sərəncamları ilə yaradıldığı bəyan ediləcək. Meydandakı bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğu və bu fakta dair Ginnesin “Rekordlar” kitabının şəhadətnaməsinin də muzeydə sərgiləndiyi qürurla vurğulanacaq. Muzeyin ziyarətçilərinə isə öncə “ulu öndər Heydər Əliyevin və prezident Ilham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları” nümayiş etdiriləcək. Bu saxta mərasimləri əks etdirən irihəcmli fotolar da muzeyin girişindəcə yerləşdirilib, hansı ki, muzeyin yeganə ən dəyərli və tarixi eksponatı – 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış üçrəngli bayrağı xeyli aralıda nümayiş etdirilir. Hələ bu bayraq haqqında ziyarətçilərə məlumat verildikdə, onu yaradan və ucaldan şəxslərin kimliyi haqqında söhbət açılıb-açılmadığını demirik…
Bu, necə bir Bayraq muzeyi ki, orada “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı və onun müəllifinin portreti əksini tapmasın?! Bu, necə bir Bayraq muzeyi ki, orada Azərbaycanın dövlət bayrağının yaranma tarixindən, rəmzlərinin mənasından, bu bayrağı hətta sovet rejimində dalğalandıran, onu yenidən xalqa qaytaran şəxslərdən bəhs edilməsin və ya bu barədə məlumat lövhələri yerləşdirilməsin?! Ilk dəfə harada dalğalanıb bayrağımız – bu bilgini də verirmi ziyarətçiyə Bayraq muzeyi?!
Bütün bunların əvəzində isə burada – “ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, prezident Ilham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyəti”ni əks etdirən çoxsaylı fotolar və sənədlər gözə soxulur… Lakin alınmır; istər yerli, istərsə də əcnəbi ziyarətçi olsun, hamının muzeydə ən çox diqqət yetirdiyi və böyük məmnunluq hissi ilə önündə xatirə olaraq çəkdirdiyi fotolar – Azərbaycan Xalq Cümhuriyyətinin sözügedən tarixi bayrağıdır. Rəngi solmuş, ruhu ölməz 95 yaşlı bayraq!
Yaşasın dəyərli bayrağımız!
Yaşasın dəyər verən vətəndaşlar!
Şövkət Məmməd


