Anar Məmmədli: «Ölkədə şəffaf seçki keçirilmədiyi üçün partiyaların maliyyələşməsində mövcud mexanizm ədalətli sayıla bilməz»
Dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi məsələsi yenə gündəmə gəlib. Xatırladaq ki, bu il siyasi partiyaların maliyyələşməsinə 2.5 milyon manat pul ayırılıb. Ötən gün MM-də müzakirələr zamanı millət vəkilləri bu məbləğin artırılması təklifi ilə çıxış ediblər.
Hər dəfə siyasi partiyaların maliyyələşmə məsələsi gündəmə gələndə ədalətsizliyin, məntiqsizliyin və qərəzin şahidi oluruq.
Bir qayda olaraq siyasi partiyaların maliyyələşməsi parlamentdə təmsilçiliyə görə müəyyənləşir. Bu prosedur isə real müxalifət partiyalarının maliyyələşmədən kənarda qalması deməkdir. Yəni hakimiyyət müxalifət partiyalarını maliyyələşmədən məhrum etməklə onların fəaliyyətini məhdudlaşdırmaq istəyir.
Ancaq məsələnin daha maraqlı tərəfləri var və 9 oktyabr prezident seçkiləri bir sıra məqamlara yenidən aydınlıq gətirdi.
MSK-nın nəticələrinə görə, 9 oktyabr seçkilərində parlamentdə təmsil olunan Qüdrət Həsənquliyev 1.99 faiz (73586 səs), Fərəc Quliyev 0.86 faiz(31774 səs), Iqbal Ağazadə 2.40 faiz səs (88667 səs) toplayıblar. Ümumilikdə parlamentdə təmsil olunan bu partiya liderləri 5.25 faiz səs toplayıblar. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli isə 5.53 faiz(204635 səs) toplayıb.
Hakimiyyət təmsilçiləri də tez-tez bildirirlər ki, Milli Şura əsasən AXCP və Müsavatdan ibarətdir. Belə olan halda hakimiyyət etiraf etmiş olur ki, parlamentdə təmsil olunmayan bu 2 partiya parlamentdə təmsil olunan namizədlərdən daha çox səs toplayıb. Bu həm də o məntiqi reallığın göstəricisidir ki, AXCP və Müsavat siyasi partiya kimi maliyyələşmədən kənarda qala bilməz.
Digər tərəfdən, bu gün xeyli sayda siyasi partiyaların namizədi olmuş şəxslər var ki, onların işi Avropa Məhkəməsindədir. Və heç kimdə şübhə doğurmur ki, bu adamların haqlı olduğu və səslərinin oğurlandığı tezliklə təsdiq olunacaq. Buna misal olaraq 2005-ci ildə səsi oğurlanmış namizədlərin Avropa Məhkəməsi tərəfindən obyektiv qiymət almasını göstərmək olar və hökumət bu hallara görə məhkəmənin qərarı ilə təzminat ödəməyə məcbur olur.
Partiyaların maliyyələşməsini parlamentdə təmsilçiliyə görə müəyyən etməyin məntiqsiz olduğunu istənilən sayda digər müqayisələrlə də sübut etmək olar. Biz ölkədə seçkilərin total şəkildə saxtalaşdırıldığına istinad etmədən bu nəticəyə gəlirik.
Reallıq onu göstərir ki, partiyaların bu üsulla maliyyələşməsi xalqın iradəsinin ifadəsi deyil. Əksinə, cəmiyyətin böyük əksəriyyətinin dəstək verdiyi, ölkənin bütün rayonlarında dayaqları olan partiyalar maliyyələşmədən kənarda qalır. Yaxşı olardı ki, prezident seçkilərinin nəticələri də bu prosesdə mötəbər hesab olunsun və xalqın dəstəklədiyi, normal fəaliyyəti olan partiyalar maliyyələşmədən kənarda qalmasın.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, partiyaların maliyyələşməsindəki mövcud mexanizm özünü doğrultmur və ədalətli maliyyələşmə üçün demokratk sistemin mövcudluğu əsas şərtdir:
“Siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif ölkələrdə, müxtəlif təcrübələr mövcuddur. Mən araşdırmalarım zamanı Balkan ölkələri və Gürcüstandakı praktikanı müsbət qiymətləndirdim. Bu ölkələrdə dövlətin konkret bir fondu var və bu fonddan həm QHT-lərə həm də siyasi partiyalara maliyyələr ayrılır. Və bu məsələlər hökumətin müdaxiləsi olmadan tənzimlənir. Azərbaycanda demokratik sistem olmadığına görə, bütün proseslərdə hakimiyyətin nəzarəti olduğu üçün belə fondun yaradılması real görünmür. Digər metod isə seçkilərin nəticələrinin əsəs götürülməsidir. Ancaq Azərbaycanda seçkilər qeyri-demokratik keçirildiyi üçün parlamentdə təmsilçiliyin əsas götürülməsi ədalətli deyil. Azərbaycandakı mövcud mexanizm özünü doğrultmadığı üçün dəyişməlidir. Istənilən ölkədə bu prosesin şəffaflığı siyasi sistemin formalaşmasından asılıdır. Bizim ölkədə hakimiyyətə alternativ olan partiyaların, hakimiyyəti tənqid edən qurumların, dövlət hesabına maliyyələşməsi qərəzsiz ola bilməz”.
Ilham Hüseyn


