Aslan Ismayılov: «Məni qanunsuz olaraq, peşəmdən məhrum edənlər, alçaqcasına aldadaraq, «bandotdel»ə dəvət edib orada vurduranlar gec-tez cəzalarını alacaqlar»
Tanınmış vəkil Aslan Ismayılov hüquq-mühafizə orqanlarının qanunsuz əməllərilə bağlı açıqlama yayıb. Aslan Ismayılov bildirir ki, 31 dekabr 2011-ci ildə Sulutəpədə (Çiçək qəsəbəsi), qaynına məxsus həyət evindən xeyli ev əşyaları, o cümlədən babalarından qalmış, çox əziz olan qədimi əşyalar (misdən olan samovar, sənəh, sinilər, boşqablar və s.) oğurlanıb. Bu barədə Binəqədi Rayon Polis Idarəsinə müraciət edilib:
“Ancaq mənim təkidli tələblərimdən sonra ərizə qeydə alındı. Bu müddətdə rayon polisindən tutmuş, Daxili Işlər Nazirliyinin, prokurorluğun səlahiyyətli şəxslərinə yüzlərlə telefon zənglərim, ərizələrim olub. Cinayət işi isə bu günə qədər açılmayıb. Bu, azmış kimi, həmin ünvanda yeni oğurluqlar olub. Cinayətin xarakterindən də görünür ki, bu əməl tək adam tərəfindən və bir dəfəyə törədilməyib. Çünki oğurlanmış əmlakın sayı və həcmi, az qala, bir böyük yük maşını olmuşdur. Az-çox savadı və təcrübəsi olan hüquq-mühafizə orqanları işçisinə bəllidir ki, bu tip cinayət işinin açılması çox asandır. Bu cinayət işinin açılmamasının sadəcə, iki səbəbi ola bilər: ya bu cinayəti açmaq istəmirlər, yaxud da cinayətkarlarla əlbirdilər”.
Aslan Ismayılov onu da qeyd edir ki, polis və prokurorluq işçilərinin bu cür məsuliyyətsizliyi həmin ərazidə cinayətkarlığın tüğyan etməsinə gətirib çıxarıb: “Elə bu yaxınlarda həmin ərazidə bir nəfər yüksək vəzifəli məmurun evində baş verən oğurluq zamanı həyat yoldaşı evdə olduğundan qətlə yetirilmişdi. Əksər cinayət hadisələri isə heç qeydə də alınmır. Əvəzində biz hər il Baş prokuror Zakir Qaralov və Daxili işlər naziri Ramil Usubovun rüblük, yarımillik və illik hesabatlarında pafoslu çıxışlarını eşidirik. Görəsən, hər dəfə ”bizdə cinayətkarlığa qarşı keçmiş SSRI-də analoqu olmayan mübarizə aparılır” deyəndə adlarını çəkdiyim şəxslər və onların tabeçiliyində olanlar hansı hissləri keçirirlər? Mən şəxsən bu hesabatları eşidəndə bu cür yalana utanıram. Əgər baş verənlər mənə görədirsə, onda hamının bilməsini istəyirəm. Məni qanunsuz olaraq peşəmdən məhrum edənlər, zorla polisə apartdıranlar, alçaqcasına aldadaraq, “Bandotdel”ə dəvət edib orada vurduranlar əmin olsunlar ki, gec-tez cəzalarını alacaqlar”.


