“Qəzetin bütün gəlir yolları bağlanıb”

“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev “Media forum” saytına nəşrin son durumu ilə bağlı açıqlama verib. O bildirib ki, qəzetin belə çətin vəziyyətə düşməsi “Azadlıq”a qarşı aparılan uzunmüddətli siyasətin nəticəsidir: “Etiraf edim ki, bizi çox çıxılmaz hala salıblar. Heç bir vaxt vermədən bizdən 65 min manatın ödənilməsi tələb olunur. Bu, xeyli müddətdir bizə qarşı aparılan siyasətdir. Qəzetin bütün gəlir yolları bağlanıb. Əməkdaşlarımıza maaş verə bilmirik.

“Azərbaycan” nəşriyyatı qəzetin çapını dayandırsa, başqa nəşriyyatla işləməyimiz mümkün deyil. Çünki maliyyə vəsaitimiz yoxdur. Noyabrın 12-dək müəyyən səylər göstərməyə çalışacağıq ki, hər hansı məbləğ ödəyə bilək. Amma açığı, optimizm üçün ciddi bir əsas yoxdur. Qəzetin çətin vəziyyətdən çıxması üçün lazım ola biləcək bütün variantlar sınaqdan keçirilib. Hər hansı çıxış yolunu təsəvvür eləmək bizim üçün çox çətindir. Faktiki olaraq qəzet dayandırılmağa doğru aparılır”.