Rusiyadan qayıdan azərbaycanlılar: «Dazbaşlar” bizə divan tutur»
Dünən Rusiya Daxili Işlər Nazirliyində xidməti fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş daxili işlər orqanlarının ən yaxşı əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Yeqor Şerbakovun qətlinin üstünün açılmasında fərqlənmiş polis əməkdaşlarına ilk dəfə olaraq bu vəsiqələr təqdim edilib.
Maraqlıdır ki, Orxan Zeynalovu saxlayan zaman polis əməkdaşları ona qarşı qeyri-insani hərəkətləri ilə diqqət çəkmişdilər. Buna baxmayaraq, Rusiya hökuməti onları cəzalandırmaq əvəzinə, mükafatlandırmağa üstünlük verib(anspress).
Rusiyadan Azərbaycana miqrant axını
Rusiyada baş verən məlum olaylardan sonra orada işləyən Azərbaycan vətəndaşları geri qayıtmaqda davam edirlər. APA-nın əməkdaşları Lənkəran Beynəlxalq Hava Limanında Moskva-Lənkəran reysi ilə vətənə qayıtmış soydaşlarımızla görüşüblər. Onların söylədikləri demək olar ki, üst-üstə düşür: “Ruslar miqrantlara qarşı divan tutur, vurur, döyür, təhqir edirlər”.
Moskvada miqrantların tək gəzməsi də müşkülə çevrilib. Bu, hətta onların həyatı bahasına başa gələ bilər. Bəzən onlarla “dazbaş” bir nəfəri ya öldürür, ya da ölümcül hala salır. “Dazbaş”ları isə etdikləri cinayətə görə nə saxlayan, nə də məsuliyyətə cəlb edən var. Azərbaycanlı miqrantların əsas problemlərindən biri də Moskvadan qayıdarkən hava limanındaca xəbərdar edilmədən deportasiya olunmalarıdır. Rusiyadan Azərbyacana uçan bütün aviareyslərdə deportasiya olunanlara rast gəlmək olur. Artıq xəbərsiz deportasiya prosesi adi hal aldığından Azərbaycan vətəndaşlarının əksəriyyəti evlərinə dönməkdən imtina edərək, gözləməyə üstünlük verir.
Lənkəran Beynəlxalq Hava Limanından verilən məlumata görə, cənub bölgəsindən Rusiyaya gedənlərin sayında kəskin azalma müşahidə olunduğu halda, Rusiyadan vətənə dönənlərin sayı çoxalıb. Orxan Zeynalovun Rusiya vətəndaşı Iqor Şerbakovu qətlə yetirdiyini əllərində əsas tutan skinhedlər qeyri-ruslara qarşı hücum və təqiblərini artırıblar.
Rəsmi Moskvadan 14 yaşlı azərbaycanlının döyülməsinə reaksiya
Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına hökumət telaqramını yollayıb. Azərbaycanın Moskvadakı səfirliyindən bildiriblər ki, teleqram 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun vəhşicəsinə döyülməsi ilə əlaqədardır. “Hörmətli cənab səfir! 2013-cü ilin noyabrın 1-də Zelenoqradda sərxoş şəxs tərəfindən zorakılığa məruz qalaraq xəsarət alan 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun ailəsinin dərdini bölüşürəm. Milli zəmində ədavət, təhqir və uçağın alçaldılmasının istənilən təzahürlərini yolverilməz hesab edirəm. Bu cür fövqəl halları önləmək və günahkarları cəzalandırmaq üçün bütün lazımi tədbirləri görmək niyyətindəyəm. Moskva meri Sobyanin, Rusiya baş prokuroru Çayka, daxili işlər naziri Kolokoltsevə müvafiq teleqramlar göndərmişəm. Baş vermiş fövqəl hadisə şəxsi nəzarətimdədir”, – deyə teleqramda bildirilir.
Kreml çıxış yolunu qanunvericiliyi sərtləşdirməkdə görür
Rusiya prezidenti Vladimir Putin son vaxtlar ölkəsində yaranmış miqrantlar probleminin həlli ilə bağlı öz tövsiyyəsini verib. Prezident hesab edir ki, Rusiyada miqrantların azalmasına nail olmaq üçün onlara qarşı ilk növbədə qanunvericilik sərt olmalıdır: “Qanunvericiliyi sərtləşdirmək lazımdır. Miqrantların öz qanunlarımıza, onların pənah gətirdikləri regionların adət-ənənələrinə və mədəniyyətinə sözsüz hörmət etmələrinə nail olmaq lazımdır. Bu, çoxplanlı, mürəkkəb bir vəzifədir və bu təkcə Rusiya üçün səciyyəvi deyil”.
“Xarici ölkə vətəndaşlarının Rusiyaya yalnız xarici pasportla daxil olması qaydasının tətbiqilə bağlı artıq danışılıb”. Bu barədə Putin LDP-nin sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə Kremldə keçirdiyi görüşü zamanı bildirib.
V.Jirinovski təkbətək görüşdə miqrantlarla bağlı məsələni qaldırıb. O, bildirib ki, Rusiyaya gələn miqrantlar üçün kvota tətbiqinin təklif edir. Vitse-spiker miqrantlarla bağlı bütün məsuliyyəti iş verən sahibkarların üzərinə qoyulmasının vacibliyini vurğulayıb: “Miqrantlara yalnız müəyyən edilmiş kvota daxilində iş verilməlidir. Kvota fərdi qaydada verilməlidir. Burada yerlər hər hansı firma vasitəsi ilə satılmamalıdır”. Jirinvoski vurğulayıb ki, ilk olaraq işə yalnız Rusiya vətəndaşları götürülməlidir.
Moskvadakı tərəvəz bazasında silah-sursat tapıldı
Moskvadakı tərəvəz bazalarından birində qumbara və trotil şaşkaları tapılıb. Silah-sursat bazada keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib. Rusiya Daxili Işlər Nazirliyinin məlumatına görə, oktyabrın 21-də Moskvada Azərbaycan vətəndaşı olan sahibkarın oğurlanmasında şübhəli bilinən üç azərbaycanlı saxlanılıb. Sahibkarı güc tətbiq edərək tapança ilə hədələyən cinayətkarlar onu Kuzminsk meşə parkına aparıblar və orada sağ qalması üçün 3 mln. rubl (təxminən 100 min dollar) tələb ediblər. Girov bu məbləği toplamaq üçün azadlığa buraxılıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvada qanunsuz yaşayan üç azərbaycanlı həbs edilib. Polis müəyyən edib ki, onların əlbir olduğu şəxslər tez-tez göyərti bazasına baş çəkirlər. Orada həyata keçirilən axtarış zamanı ümumi çəkisi 400 qram olan iki trotil şaşkası, onların elektron detonatorları və RQD-47 qumbarası tapılıb. Polisin fikrincə, bu silah-sursat sahibkarları təhdid etmək üçün istifadə olunub. Faktla bağlı cinayət işi açılıb. Müvafiq icra hakimiyyəti orqanlarına bazanın bağlanmasına dair qərar qəbul olunması üçün müraciət hazırlanır(APA). Göründüyü kimi, Moskvadakı tərəvəz bazası ilə bağlı olayların motivi hələlik fərqli şəkildə təqdim olunur. Amma bunun son vaxtlar əsasən azərbaycanlıların işlədiyi Moskva bazarlarında aparılan əməliyyatların növbətisi olduğu və miqrantlara qarşı yönəldiyi də istisna oluna bilməz.


