Obama Əliyevə öhdəlik qoydu

ABŞ prezidenti əlaqələrin demokratiya, ifadə və birləşmə azadlıqlarının inkişafı sayəsində bərkiyəcəyini bəyan etdi

ABŞ prezidenti Barak Obamadan da Ilham Əliyevə məktub gəldi.  Bu dəfə də rəsmi Bakı vəziyyətdən çıxmaq üçün lazım olan sözü məktubda tapa bilmədi. Ağ ev rəhbəri Ilham Əliyevə  seçkiyə və seçilməyə dair heç bir işarə də vurmadı.
Obamanın məktubu Ilham Əliyevin prezident seçildiyini deyil, prezident vəzifəsinin icrasına başladığını açıq bəyanla başlayır: “Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Iyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq”.
Ilham Əliyevin seçkiləri necə saxtalaşdırdığına dair dünyada yayılmış zarafatlar bəs edir ki, onun seçilmədiyi fikri  təsdiqlənsin. Obamanın da məktubundan aydın görünür ki, Ilham Əliyevdən demokratiya və azadlıqlar tələbi bundan sonra ABŞ üçün prioritet olacaq: “Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcəkdir”.
Bu açıqlamanın sonunda “sözügedən səylər sayəsində” ifadəsi  deməyə əsas verir ki, Ilham Əliyev artıq enerji məsələləri ilə spekulyasiya edə bilməyəcək. Hazırda Avropa Birliyi ilə başlayan prosesi də nəzərə alsaq, Qərbin ümumilikdə Azərbaycanda bütün çözümləri demokratiyaya bağladığını görmək çətin deyil.
Bütövlükdə isə Britaniyanın baş naziri Devid Kameronun məktubunun rəsmi deyil, şəxsi yozumundan sonra Obama da demokratiya və azadlıqları açıq şəkildə qabartmaqla bundan sonrakı proseslərin anonsunu vermiş oldu. Bu da dinc demokratik mübarizə və dialoq prosesidir ki, hakimiyyət özündə güc tapıb ölkədə siyasi mübarizəni bu sivil məcraya yönəltməlidir.

Seymur