Deputat Rusiyanın təzyiqlərinin səbəbini açıqladı

Dekabrda Putinin layihəsinə qoşulmaqla bağlı qərar verilməlidir

Vəfa Quluzadə: «Azərbaycan Vilnüsdə saziş imzalayandan sonra Rusiyanın təzyiqi dayanacaq»

Rusiyada baş verən olaylar, vətəndaşlarımızın sıxışıdırılması, Azərbaycana müxtəlif vasitələrlə təzyiq edilməsi hələ də aktualdı və getdikcə bu gərginlik daha geniş vüsət alır. Heç kimə sirr deyil ki, bütün bunlar Azərbaycanı Gömrük Ittifaqına qoşmaq üçün Rusiyanın həyata keçirdiyi siyasətdir.

Bir neçə gün öncə PA rəsmisi Əli Həsənov mətbuata açıqlamasında bunu inkar etmişdi və bu hadisələrin Azərbaycanı Gömrük Ittifaqına daxil etmək məqsədilə təşkil edilmədiyini söyləmişdi. “Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur”- deyə Əli Həsənov bildirmişdi.

Millət vəkili Vahid Əhmədov isə “Şərq” qəzetinə açıqlamasında baş verənlərin Gömrük Ittifaqı ilə bağlı olduğunu söyləyib: “Baş verənlər siyasi oyundur. Dekabr ayında Rusiya prezidenti Vladimir Putinin ”Avrasiya” Ittifaqı layihəsinə qəbul olmaqla bağlı ölkələrin qərarları olmalıdır. Putinin bir neçə məmuru cəzalandırması isə  görüntü xarakterlidir. O, Rusiyanı beynəlxalq aləmdə hüquqi dövlət kimi tanıtmaq istəyir. Proseləri analiz edəndə  görürsən ki, bu tamamilə başqa diplomatiyadır”- deyə Vahid Əhmədov bildirib.

Müəyyən məqamlarda hakimiyyət nümayəndələri bu məsələni inkar etməyə çalışsalar da, ümumilikdə baş verənlərin siyasi təzyiq olduğunu danmaq mümkünsüzdür. 

Vahid Əhmədovun da fikirlərindən aydın olur ki, Rusiya dekabr ayının sonuna qədər Azərbaycandan müsbət cavab almaq istəyir.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Azərbaycana qarşı təzyiqi müvəqqəti xarakter daşıyır və Azərbaycan bu təzyiqlərə davam gətirib Vilnüsdə keçiriləcək sammitdə əməkdaşlığa imza atmalıdır: “Rusiyanın təzyiqlərinin 2 tərəfi var. Birincisi, Rusiya bu təzyiqlərlə Azərbaycanı məlum Ittifaqa qoşmaq istəyir. Ancaq Rusiya artıq başa düşür ki, bu təzyiqlər nəticə verməyəcək… Azərbaycan Vilnüsdə sənədlərə imza atacaq, Ukraynada bu yolu gedəcək və bu məsələ Amerikanın nəzarətindədir. Ikinci məqam ondan ibarətdir ki, Rusiyada miqrant məsələsi ciddi problemə çevrilib. Bu, Rusiya əhaləsinin ciddi narazılığına gətirib çıxarır və əhali millətçiləri dəstəkləməyə başlayır. Rusiya hakimiyyəti üçün də ən təhlükəli qüvvə millətçilərdi və millətçilər ölkənin müxtəlif güc strukturlarında təmsil olunurlar. Rusiyada milyonlarla miqrant var və ruslar görür ki, bu miqrantların içində əriyirlər. Bu milyonlarla miqrant Rusiyada yaxşı pul qazanırlar, ruslardan yaxşı yaşayırlar. Eyni zamanda Rusiyada korrupsiyanın səviyyəsi yüksək olduğu üçün, miqrantlar pulla istənilən məsələni həll edə bilirlər. Bütün bu hallar Rusiya millətçilərinin narazılığına səbəb olur. Rusiya iqtidarı da millətçilərin simpatiyasını qazanmaq üçün miqrantların sayını azaldır. Ancaq Rusiya miqrantlarsız keçinə bilməz. Məsələn, tacik miqrantlarla yeni müqavilə bağlayırlar, Vyetnamdan miqrantların gəlməsi istiqamətində danışıq aparırlar”.

Ekspert onu da əlavə etdi ki, Rusiyanın təzyiqinə uyub Gömrük Ittifaqına daxil olmaq Azərbaycanın maraqlarına uyğun deyil. Ukrayna bu təzyiqlərə necə dözüm göstərirsə, biz də dözməliyik. Baltik respublikalarının NATO-ya daxil olmasını Rusiya istəmirdi. Ancaq onlar NATO-ya daxil oldu və Rusiyanın təzyiqi də bitdi. Azərbaycan da Vilnüsdə sənədləri imzalayandan sonra Rusiyanın təzyiqinə ehtiyac qalmayacaq.  Azərbaycana olan təzyiq noyabrın sonlarına qədər davam edəcək və buna boyun əymək olmaz”.

Ilham Hüseyn