Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətlər zərərlə işləyir
Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətlərin ziyanı 1999-cu ildən bu yana 500 milyon manata çatıb. Amma rəsmi məlumata görə, 1996-1998-ci illərdə aviaşirkətlər çox mənfəətlə işləyiblər. Bu ilin birinci yarısında sərnişin daşımaları üzrə ziyan 16 mln manata çatıb. Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. “Azerbaijan Airlines” daşımalarda 99% paya sahibdir. Müvafiq olaraq ziyan da bu aviaşirkətindir. AZAL-ın rəhbəri 1996-cı ildən Cahangir Əsgərovdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli aviaşirkətlərdən (AZAL, “Turan Air” və “Silk Way Business Aviation”) istifadə edən sərnişin sayı 2009-cu ildən artmağa başlayıb. 2012-ci ilin yekunlarına görə, sərnişin daşımalarının həcmi 1,6 mln. nəfərə (2009-cu ildəkindən 560 min nəfər çox) çatıb. Amma aviaşirkətlər ziyana düşüb: əgər 2009-cu ildə aviaşirkətlərin itkisi 98,8 mln manat idisə, 2012-ci ildə 33,2 mln manat olub. Bilet satışından gəlirlər az olmayıb: beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat. Sərnişinlərin çoxu beynəlxalq xətlərlə uçur. Məsələn, bu ilin birinci yarısında 744,6 min sərnişin beynəlxalq xətlərlə uçub Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur. MDB şəhərlərinə birinci yarımildə 3,1 min sərnişin uçması barədə informasiya şübhə doğurur. AZAL təkcə Moskvaya hər gün uçuş həyata keçirir.
Statistik məlumata görə, bu ilin 9 ayında hava gəmiləri ilə 1 280,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. Azərbaycan aviaşirkətləri maliyyə hesabatlarını açıqlamırlar. “Azerbaijan Airlines” QSC qanunvericiliyə uyğun olaraq illik maliyyə hesabatını auditlə birgə açıqlamalıdır. Bəlkə bu sənəd məsələyə aydınlıq gətirərdi. Müqayisə üçün deyək ki, 1998-ci ildə 833 min sərnişin daşınıb, aviaşirkətlərimiz 40,3 mln manat gəlir əldə edib. Onların balans mənfəəti 26,7 mln manata çatıb. Azərbaycanın hava limanlarında aviasiyaya yerüstü xidməti “Silk Way Holding” aviaşirkəti həyata keçirir. Ekspertlər hesab edir ki, daşımalar üzrə real mənfəət mülkiyyətçilərinin strukturu qaranlıq olan bu holdinqə axır. Holdinqə 23 şirkət daxildir. Onların yarıdan çoxu mülki aviasiyada çalışır. Yerli KIV yazır ki, bu holdinq dövlət başçısı Ilham Əliyevin ailəsinə məxsusdur. Amma formal olaraq onu “Azerbaicjn Airlines” QSC rəhbəri Cahangir Əsgərov idarə edir(contact.az).


